“Azərreyl”dən inamlı qələbə - YENİLƏNİB
04.12.2013 - 19:20
“Azərreyl”dən inamlı qələbə - YENİLƏNİB
Bu gün “Azərreyl” CEV kubokunun 1/8 final mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan oyunda Aleksandr Çervyakovun yetirmələri Çexiyanın “Olomouts” klubunu qəbul edib.

Matçın aşkar favoriti olan Bakı təmsilçisi qələbə qazanmaqda heç bir çətinlik çəkməyib. 1/16 final mərhələsində “Partizan”ı (Serbiya) set fərqinə görə keçən komandamız çexləri darmadağınla yola salıb.

Belə ki, ilk hissədə qonaqlar müqavimət göstərsələr də, voleybolçularımız inamlı oyun sayəsində seti aktivlərinə yazıblar. Ardınca ikinci hissəni komandamız 6 top öndə bitirib. Üçüncü setdə də “Azərreyl” üstünlüyü əldən verməyib və qarşılaşmanı 3:0 hesabı ilə xeyrinə bitirib.

Komandalar arasında cavab görüşü dekabrın 12-də Çexiyada olacaq. Burada mərhələ adlamaq üçün “Azərreyl”ə 1 setdə qələbə belə kifayət edəcək.


CEV kuboku
1/8 final mərhələsi, ilk oyun

4 dekabr

“Azərreyl” (Azərbaycan) - “Olomouts” (Çexiya) - 3:0 (25:21; 25:19; 25:20)
Hakimlər: Arnis Kelle (Latviya), Dəniz Dəmir (Türkiyə)
Bakı, Voleybol Mərkəzi