Ardıcıl 5-ci qələbə! - YENİLƏNİB
11.12.2013 - 19:45
Ardıcıl 5-ci qələbə! - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V turun növbəti matçları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci oyun günündə “Rabitə” Fransa “Beziers”ini qəbul edib.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan matçda Azərbaycan çempionu qələbə qazanıb. Bu turdan öncə pley-offa vəsiqəni təmin edən və səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən “Rabitə” yenə də aktivinə 3 xal əlavə edərək, ardıcıl 5-ci dəfə meydanı qalib kimi tərk edib.

Belə ki, görüş voleybolçularımızın üstünlüyü ilə start götürüb – 4:1. Ardınca “Rabitə” daha da inamlı çıxış edərək, müdafiədə etibarlı, blokda keçilməz və hücumda effektli oynayıb. Bunun da nəticəsi olaraq, fərq 16 topa çatıb (21:5). Hissə isə komandamızın 25:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Gözlənilənlərin əksinə, ikinci set rəqib üstün oyun nümayiş etdirib. Hər 2 texniki fasiləyə öndə çıxan (8:7, 16:14) “Beziers” fərqi 4 topa kimi də artırıb – 18:14. Bundan sonra “Rabitə” hissənin taleyini dəyişməyə çalışsa da, alınmayıb – 23:25.

Üçüncü set Eldar Yusubovun yetirmələri yenidən təşəbbüsü ələ alıblar. Hissəyə ardıcıl 5 xalla başlayan komandamız ilk texniki fasiləyə 6, ikinci fasiləyə 8 top irəlidə yollanıb. Sonda isə onlar nə az, nə çox 15 xal üstünlüklə seti aktivlərinə yazıblar.

Ardınca qonaqlar oyunda dönüş yaratmaq istəyib. Amma “Rabitə” “Beziers”in Bakıda ilk xal qazanmaq arzusunu ürəyində qoyub. Fransalılar dördüncü setdə ilk texniki fasiləyə 4 top üstün yollandıqdan sonra Bakı təmsilçisi əvvəlcə oyunda bərabərlik yaradıb (10:10), ardınca önə keçib – 13:12. Lakin rəqib yenidən fəallaşıb. “Beziers” ikinci texniki fasiləyə 16:15 hesabı ilə irəlidə çıxdıqdan sonra fərqi 4-ə qaldırıb – 22:18. Amma V tura kimi xal itirməyən ölkə çempionu bu dəfə də əzmkar oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. Hesabda bərabərlik yaradan komandamız (24:24) hissəni xeyrinə bitirib – 27:25.

Beləliklə, qarşılaşma 3:1 hesabı ilə “Rabitə”nin xeyrinə başa çatıb. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Dresdner” (Almaniya) – “Omikça” (Rusiya) görüşün nəticəsindən asılı olmayaraq, “Rabitə” qrupda liderliyini qoruyacaq.


Çempionlar Liqası
V tur
11 dekabr
A qrupu


“Rabitə” (Azərbaycan) - “Beziers” (Fransa) - 3:1 (25:15; 23:25; 25:10; 27:25)
Hakimlər: Milan Todorov (Bolqarıstan), Dusan Riçlik (Çexiya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Rabitə
5
5
0
15-3
433-342
14
Omiçka
4
3
1
11-3
324-264
10
Dresdner
4
1
3
3-10
261-311
3
Beziers
5
0
5
2-15
322-423
0