“Hakimlər “Azəryol”un qələbə qazanmasını istəyirdilər” - EKSKLÜZİV
11.12.2013 - 15:04
“Hakimlər “Azəryol”un qələbə qazanmasını istəyirdilər” - EKSKLÜZİV
“Qalatasaray” və Türkiyə millisinin voleybolçusu Nəriman Özsoyun apasport.az saytına müsahibəsi

- Çempionlar Liqasının V turu çərçivəsində “Azəryol”la gərgin keçən və 3:2 hesablı qələbənizlə başa çatan oyunu necə şərh edərsiniz?
- Hər şeyə rəğmən qalib gələ bildik. Bununla da nə qədər güclü komanda olduğumuzu göstərdik. Şərtlər rəqiblə bərabər olmasa da, tək onlara qarşı yox, biz hakimlərə qarşı da mübarizə aparıb qalib gəldik. Bunun üçün xoşbəxtik.

- Qarşılaşmadan əvvəl oyunun belə çətin keçəcəyini gözləyirdinizmi?
- “Azəryol”a hörmətlə yanaşırıq. Matçın da dostluq şəraitində bitməsini istəyirdik... Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram.

- Siz matçın dostluq şəraitində bitməsini arzulasanız da, belə olmadı. Qarşılaşma qalmaqallarla yadda qaldı. “Azəryol”un tay-brekdə 15-ci xalı qazanması isə aranı lap qarışdırdı. Həmin an sizdə hansı təəssürat oyatdı?
- Baş hakim düzgün qərar verdi və matçı davam etdirdi. Nəticədə tam layiq olduğumuz qələbəni qazandıq...

- Matçboyu hakimlikdən narazı görünürdüz. Dəfələrlə onlara yaxınlaşıb iradınızı da dediniz. Matçdakı hakimliyi necə qiymətləndirirsiniz?
- Hakimlik haqda onu deyə bilərəm ki, lap ağ elədilər. Onların “Azəryol”un qələbə qazanması idi.

- “Qalatasaray” Bakıda qələbə qazanmaqla, pley-offa yüksəldi. “Azəryol”un işi isə çətin olacaq. Təmsilçimizin şanslarını necə dəyərləndirirsiz?
- Çox güclü qrupda mübarizə aparırıq. Hər komandanın işi çox çətindir. Bunun üçün də bir fikir yürütmək həqiqətən çətindir.

- Son turda “Azəryol”un 2-ci yer uğrunda mübarizədəki rəqibi “Konegliano”nu qəbul edəcəksiz. Bu matçda qalib gəlməyiniz Bakı təmsilçisinin xeyrinə ola bilər. Bununla da komandamıza kömək etmiş olacaqsınız...
- Biz böyük komandayıq. “Qalatasaray” kimi böyük komanda hər oyuna qalib gəlmək üçün çıxır... Başqa şeylər isə bizi maraqlandırmır. Şəxsən mən oyuna qalib gəlmək üçün çıxacağam.

- Voleybol Mərkəzində baş tutan oyununuzu izləyənlər arasında Azərbaycanda yaşayan kifayət qədər “Qalatasaray” tərəfdarı var idi. Onların sizə belə dəstək olacağını gözləyirdizmi?
- Komandamızı dəstəkləməyə gələn bütün fanatlarımıza təşəkkür edirik. “Azəryol”la oyunu onlarla birgə qazandıq.