Yığmamız Latviyaya qalib gəlib, Polşaya uduzdu
13.12.2013 - 11:45
Yığmamız Latviyaya qalib gəlib, Polşaya uduzdu
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 1998-1999 təvəllüdlü qızlar arasında Litvanın Kaunas şəhərində keçirilən turnirin ilk günündə Azərbaycan millisi 2 qarşılaşmaya çıxıb.

Komandamız öncə Latviya millisi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin əzmkar qələbəsi ilə başa çatıb. Onlar ilk 2 seti uduzsalar da, ardınca 3:2 (10:25, 25-27, 25:17, 25:23, 15:12) hesabı ilə qalib gəliblər. Lakin voleybolçularımız bu uğurun ardını gətirə bilməyiblər. Daha doğrusu, 5 setlik matçdan sonra güclü Polşa önünə çıxan millimizdə yorğunluq hiss olunub – 0:3 (19:25, 12:25, 22:25).

Qeyd edək ki, B qrupunda yer alan yığmamız bu gün Estoniya və Belarusla münasibətinə aydınlıq gətirəcək. A qrupunda isə Rusiya, Litva, Ukrayna və Gürcüstan milliləri yarışır.