“Biz ötən həftə bir daha göstərdik ki, Azərbaycan klubu ilə nəinki oynamaq, hətta qalib gəlmək iqtidarındayıq. Lakin “Azəryol”la oyunda ehtiyatlı olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinski deyib.
Təcrübəli mütəxəssis CEV kubokunun “Çelenc raund”unda “Azəryol”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. O, ilk matçda olduğu kimi bu gün keçiriləcək qarşılaşmada da qələbə qazanacaqlarına inanır: “Düzdür, Bakıda oynamaq həmişə çox çətindir. Oradakı oyunlara bir çox kənar amillər də təsir edir. Lakin bu haqda danışmaq istəmirəm. Amma bir həqiqət var ki, Bakıda qalib gəlmək həmişə qəhrəmanlıq hesab edilir. Bu, həm də çox sevindirici olur. Bizim bu mərhələyə çıxmağımız da uğurdur. Lakin bundan da yaxşı nəticə üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, “Bank Fakro” “Azəryol”dan öncə “Lokomotiv”i mübarizədən kənarlaşdırıb.