“Azərbaycanda mötəbər bir yarış olacaq”
03.03.2014 - 13:07
“Azərbaycanda mötəbər bir yarış olacaq”

Martın 15-16-da Bakıda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıqla bağlı “Bakı Kristall Hall”a baxış olub. Apasport.az saytının məlumatına görə, hazırlıq işləri ilə tanışlığın ardından Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer, qurumun vitse-prezidenti Yan Xronik və “Rabitə” klubunun prezidenti Cəlil Cəfərov mətbuat konfransı keçiriblər.

Öncə çıxış edən Meyer görülən işlər barədə müsbət fikirlər səsləndirib. CEV prezidenti Bakıda mötəbər bir turnirin reallaşacağını ifadə edib: “İki gündür Azərbaycandayıq. Hazırlıq işləri ilə tanış olduq və işin gedişindən çox razıyıq. Hər şeyə görə “Rabitə” klubunun prezidentinə təşəkkür edirik. Azərbaycan Voleybol Federasiyasına da minnətdarlığımızı bildiririk. Açığı, zalın bu cür qısa müddətdə hazır olacağını gözləmirdik. Lakin burada gördüklərimizdən məmnun qaldıq. Azərbaycanda mötəbər bir yarış olacaq. Bu, həm də Bakı-2015 I Avropa Oyunları ilə bağlı bir testdir. “Dördlər finalı”nda təmsil olunacaq komandalar arasında yer alan “Rabitə”nin gücünə bələdik. Bu komanda seçmə mərhələdə sübut etdi ki, burada oynamağa layiqdirlər. Bilirik ki, yarışa ciddi hazırlaşıblar və doğma divarlar arasında çempion olmaq arzusundadırlar. Komandaların hamısı güclüdür. Hansısa kollektivi fərqləndirmək istəmirəm”.


Meyer bildirib ki, Bakı-2015 I Avropa Oyunları zamanı “Bakı Kristal Hall”a bəzi dəyişikliklər ediləcək: “Zal böyükdür. Bura idman üçün nəzərdə tutulmadığından, müəyyən dəyişikliklər olacaq. Fikrimcə, bu baxımdan heç bir problem yaşanmayacaq”.
 

Təşkilatçılıq işlərini yüksək qiymətləndirən Meyer Azərbaycanda klublararası dünya çempionatının keçirilmə şansını da dəyərləndirib. O, bildirib ki, I Avropa Oyunlarından sonra Bakının ev sahibliyini təşəbbüs kimi irəli sürəcək.

 Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” Bakı təmsilçisi olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanı kubokla tərk etməyi bacarmışdı.