“Azərbaycanla matçdan mənəvi həzz aldıq”
19.03.2014 - 11:29
“Azərbaycanla matçdan mənəvi həzz aldıq”

“Biz öncədən başa düşürdük ki, Azərbaycan millisi ciddi rəqibdir. Onların Avropada oynadığını da bilirik”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Özbəkistan millisinin baş məşqçisi Batırxan Miradilov deyib.

 

Təcrübəli mütəxəssis Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz kuboku”nda Azərbaycanla oyundan sonra yığmamızı tərifləyib.

 

O, 71:91 hesabı ilə uduzduqları görüş onlara fayda verəcəyini deyib: “Azərbaycan millisi oturuşmuş heyətə malik, bərkə-boşa düşmüş komandadır. Etiraf edim ki, bu qarşılaşmada nədəsə onlardan geri qalırdıq. Amma yetirmələrimdən razıyam. Bəzi oyunçular ilk dəfə beynəlxalq yarışda milli forması geyindilər. Onlar belə rəqiblə oyundan çəkinmədilər, özlərini yaxşı cəhətdən göstərdilər. Həm oyunçu, həm məşqçi heyəti belə güclü rəqiblə matçdan mənəvi həzz aldıq”.