“Bu oyunu izləmək çox maraqlı, lakin iştirak etmək çətin idi. Biz artıq qələbənin dadını hiss edirdik, lakin yekunda onu burnumuzun ucundan apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Sloveniya millisinin hücumçusu Qaşper Vrhoveç deyib.
Yığmamız dünən Avropa çempionatının Belçikada təşkil olunan final mərhələsində mübarizə apardığı qrupda Sloveniya üzərində 7:6 hesablı əzmkar qələbə qazandı. Matçdan sonra fikirlərini bölüşən rəqib oyunçu komandamızı tərifləyib: “Azərbaycan beşinci meydan oyunçusu ilə oynayanda, çox gözəl çıxış edir. Düşünürəm ki, meydan oyunçularının sayı eyni olanda, biz rəqibdən daha yaxşı hərəkət edirdik. Turnirdə bombardirlik yarışında liderlik etdiyim üçün sevinirəm. Lakin əsas odu ki, bir ayağımız 1/4 finaldadır”.