Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində “Azərreyl”in “Uraloçka” ilə ikinci görüşünün ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, Yekaterinburqda baş tutan və rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatan matçın bombardiri yığmamızın hücumçusu Anastasiya Qurbanova olub.
Milliləşdirilmiş legioner “Azərreyl”in aktivinə 21 xal yazdırıb. Yığmamızın blokçusu Ayşən Abduləzimova da Rusiyada adından söz etdirməyi bacarıb. 20 yaşlı blokçu 18 xalla komandasına töhfə verib. Aleksandr Çervyakovun digər yetirmələrinə gəlincə, Yekaterina Jidkova 13, Dusanka Kariç 12, Qvendolin Ruker 11 və Lora Kitipova 2 xal toplayıb.
Bakı təmsilçisi ilə müqayisədə “Uraloçka” komanda oyunu ilə diqqət çəkib. Əgər Çervyakov matçı tək Qurbanovanın üzərində qurubsa, Nikolay Karpol komanda oyununa üstünlük verib. Bunun üçün də hər 2 qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Yekaterinburq təmsilçisinin cavab görüşündə ən çox xal toplayan voleybolçusu Viktoriya Çaplina olub. Onun 15 zərbəsi dəqiq alınıb.
Qeyd edək ki, “Azərreyl”də cəmi 6 oyunçu xal qazandığı halda, “Uraloçka”da 9 voleybolçu komandasına xeyir verməyi bacarıb.