“Azəryol”un Polşa sınağı
04.02.2014 - 10:13
“Azəryol”un Polşa sınağı

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Azəryol” ilk sınağına sabah çıxacaq.

 

Çempionlar Liqasında mərhələ adlaya bilmədiyindən CEV kubokuna düşən Ancelo Vercesinin yetirmələri Polşada “Bank Fakro”nun qonağı olacaqlar. Görüşün komandamız üçün heç də asan olmayacağını əvvəlcədən də söyləmək olar. Çünki 1/4 finalda “Lokomotiv”ə hər 2 qarşılaşmada qalib gələn Muşina təmsilçisi “Azəryol”u da durdurmaq gücündədir.

 

Lakin Çempionlar Liqasını qazanmağı qarşısına məqsəd qoyan komanda ən azı bu rəqibini keçməyə borcludur. Bakılılar həm də bununla qitənin ən nüfuzlu klub turnirindəki məğlubiyyətini də unutdura bilərlər.

 

“Azəryol” səfərdə məğlub olsa belə, cavab oyununun evdə təşkil ediləcəyi xeyrinədir. Amma bu, onların “quru hesabla” uduzmayacaqları halda daha real olacaq.

 

CEV kuboku

“Çelenc raund”, ilk oyun

 

23:30. “Bank Fakro” (Polşa) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Stefan Takayçvili (Gürcüstan)

Muşina, Muşinyanka İdman Sarayı

 

Qeyd edək ki, mərhələnin digər 3 qarşılaşması bu gün olacaq.