“Mən Azərbaycan klubunu seçməyimdən razıyam. Müqavilə bağlamazdan öncə mənə dedilər ki, dünyanın inkişafda olan ölkələrindəndi. Burada sənə lazım olan hər şey tapa bilərsən”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Valeriya Russo deyib.
Komandasının kapitanı Bakı klubunu ən güclü komandalardan sayır. İtaliya millisinin sabiq ulduzu ölkəsinin mətbuatına verdiyi müsahibəsində “Lokomotiv”lə yanaşı, Azərbaycan barədə də yalnız xoş sözlər deyib: “Azərbaycanda pul qabını itirsən belə gətirib onu evinə verirlər. Bir sözlə, ötən il sentyabrın 1-də yollandığım Bakıya ilk baxışdan vuruldum. Bəlkə də əksər insanlar bunun zarafat olduğunu fikirləşirlər. Lakin heç də belə deyil, həqiqəti söyləyirəm. Azərbaycandakı insanlar çox mehriban, gülərüz və qonaqpərvərdilər. Buranın yeməkləri, meyvələri çox dadlıdı. Evimizin yaxınlığında çoxlu marketlər var və nəsə tapmaqda çətinlik çəkmirəm. Alış-verişi əsasən saat 22:00-dan sonra edirəm”.
22 ildi böyük voleybolda olan hücumçu artıq ana dilimizi də öyrənməyə başladığını deyib. Onun sözlərinə görə, bu işdə yaşadığı yerdə qonşular da köməyinə çatır: “Azərbaycanlılarla ünsiyyət qurmaqdan xoşum gəlir. Artıq onlar mənə öz dillərində yazmağı və danışmağı da öyrədirlər. Bizimlə bir binada çox gözəl insanlar qalır, onlar hansısa köməklikdə bacardıqlarını əsirgəmirlər”.
İtaliyalı voleybolçu həmyerlilərinə ölkəmizin tarixi yerləri və yeməkləri barədə də ətraflı verib: “Evimizlə Milli Park arasında cəmi 25 dəqiqəlik məsafə var. “Bulvar” adlandırılan ərazi dünyanın ən gözəl parklarındandı. Burada müxtəlif növ ağaclar, ticarət mərkəzləri və restoranlar yer alıb. Azərbaycanda çox dadlı qara çay da içmək mümkündü. Burada tarixi Qız qalası, Qədim şəhər – İçəri şəhər də qorunub saxlanılır. Bakıda istədiyin mətbəxi də tapmaq mümkündü. Burada xidmət çox yüksəkdi və restoranların şəraiti də möhtəşəmdi. Həmçinin, Filarmoniyaya gedib skripkaya da qulaq asmaq, teatrlarda müxtəlif yazarların əsərlərini izləmək olur”.
2008/2009 mövsümündə ölkəsində “Novara” ilə CEV kubokunu qazanan Russo “Lokomotiv”lə də eyni uğuru təkrarlayacağına və Super Liqada da layiqli çıxışa inam ifadə edib: “Mən komandamdan çox razıyam. Formalaşan kollektivimiz güclüdü. Biz peşəkarlarıq. Super Liqada uğurla irəliləyirik, liderlərdən biriyik. CEV kubokunda da çıxışımız qələbələrlə davam edir”.
34 yaşlı təcrübəli oyunçu sonra bir daha paytaxtımızın gözəl və təhlükəsiz olduğunu vurğulayaraq, buradakı həyat tərzindən razılıq edib: “Bakı dünyanın ən təhlükəsiz paytaxtlarından biridi. Burada istənilən vaxt sərbəst gəzirsən. Gündüz və ya gecə hansısa problemlə üzləşməyin mümkün deyil”.