“Cari mövsümdə əvvəlkindən fərqli oyun göstəririk. Əvvəl biz daha çox Natalya Məmmədovanın üzərində oyun qururduq ki, hücumların çoxunu da o başa çatdırırdı”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Omiçka” klubunun baş məşqçisi Zoran Terziç deyib.
Serbiyalı mütəxəssis Rusiya mətbuatına verdiyi müsahibəsində komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovadan danışıb. O bildirib ki, ötən illə müqayisədə artıq təmsilçimizin “yükünü” azaldıb: “İndi top qəbulunda işlərimiz nisbətən yaxşılaşıb. Mərkəz blokçularımız dioqnal oyunçu və digərləri ilə daha fəal anlaşır. Bu səbəbdən də Nataşanın əvvəlki kimi hər oyunda 50-60 hücum etməsinə ehtiyac yoxdur. Bu, həm onun, həm də “Omiçka” üçün daha yaxşıdır. İndi biz elə komanda qurmuşuq ki, o, bir nəfərdən asılı deyil. İndiki vaxtda bu çox təhlükəlidir. Artıq biz Məmmədovasız da əla oynaya bilirik. Lakin əlbəttə ki, Nataşa ilə daha inamlı çıxış edirik”.
Qeyd edək ki, Rusiya Superliqasının əsas mərhələsini ikinci yerdə başa vuraraq pley-offa yüksələn “Omiçka” yeni mövsüm üçün Məmmədova ilə müqavilə bağlamaq niyyətində deyil.
“İndi biz Natalya Məmmədovadan asılı deyilik”
18.04.2014 - 08:31
0
0