Qadın voleybolçular arasında Çempionlar Liqasının sabah start götürəcək “Dördlər finalı” ərəfəsində mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən yarışda iştirak edəcək klubların baş məşqçiləri və kapitanları jurnalistlərin suallarına cavab verib.
Gözdə Sonsırma, “Vakıfbank”ın kapitanı: “Bizi çox çətin mübarizə gözləyir. Əsas odur ki, turniri uğurla vıə zədəsiz başa vuraq. Komandamızın 73 oyunluq qələbə seriyası başa çatsa da, Bakıda qələbələri sıralamaqla yeni seriyanı davam etdirmək istəyirik”.
Covanni Qudietti, “Vakıfbank”ın baş məşqçisi: “Yarışa tam hazırıq. İndi bütün fikrimi “Əczaçıbaşı” ilə yarımfinal oyunundadır. Bu matçı zədəsiz və qələbə ilə başa vurmalıyıq. Finaldakı rəqibimizin kimliyinin fərqi yoxdur”.
Əsra Gümüş, “Əczaçıbaşı”nın kapitanı: “Bakıda Avropanın 4 ən güclü komandası mübarizə aparacaq. Məqsədimiz Çempionlar liqasının qalibik olmaqdır. Lakin istənilən əyarlı mükafat da bizim üçün uğurlu nəticə sayılacaq”.
Lorenso Miçelli, “Əczaçıbaşı”nın baş məşqçisi: “Həlledici oyunlar ərəfəsində çox həyəcanlıyıq. Ümid edirəm ki, yarımfinal səddini keçib finala yüksələcəyik. 4 ildir Türkiyədəyəm. Komandamızın azarkeşlərinə hədiyyə etmək istəyirəm”.
Mariya Bordakova, “Dinamo”nun (Kazan) kapitanı: “Bakı gözəl şəhərdir. Turnirə yaxşı hazırlaşmışıq. Komandamızda heç bir problem yoxdur. Çalışacağıq ki, Rusiyaya kubokla qayıdaq”.
Rişat Gilyazutdinov, “Dinamo”nun (Kazan) baş məşqçisi: “Qarşıda gərgin oyunlar var. Məqsədimiz kuboku qazanmaqdır. Ötən il “rabitə”yə məğlub olmuşduq. Lakin bu müddətdə hər iki komanda dəyişib və biz qalib ola bilərik”.
Sanya Staroviç, “Rabitə”nin kapitanı: “Yarışa yaxşı hazırlaşmışıq. Doğma meydanda oynadığımızdan üzərimizdə təzyiq var. Lakin inanıram ki, kuboku qazanmaqla azarkeşlərimizə və xalqımıza hədiyyə edəcəyik”.
Eldar Yusubov, “Rabitə”nin baş məşqçisi: “Qarşıdakı günlərdə Bakıda voleybol bayramı olacaq. Bütün komandalar kuboku qazanmağa iddialıdır. Sabah qalib gəlib finala çıxacağıq. Həlledici matçdakı rəqibin fərqi yoxdur”.