“Lokomotiv”in taktikada uduzduğu qarşılaşmanın statistikası
21.01.2015 - 09:34
“Lokomotiv”in taktikada uduzduğu qarşılaşmanın statistikası

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində “Dinamo” (Rusiya, Krasnodar) – “Lokomotiv” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun fiaskosu ilə başa çatan görüşün ən dəyərli oyunçusu Aneta Havlikova olub.

 

Çexiyalı legionerimiz 21 xal toplayaraq, bombardir adına yiyələnsə də, komandası mərhələ adlaya bilməyib.

 

Baş məşqçi Teon Buijsin taktikada uduzduğu görüşdə Valentina Arriqetti 8, Quinta Stenbergen 5, Enn Buijslə Aleksandra Srnçeviç hərəyə 4, Valeriya Russa 3, Karli Lloyd 2 və Oksana Kiselyova 1 xal qazanıb. Hollandiyalı mütəxəssis bu dəfə əvəzetmələrlə Kiselyovaya şans versə də, millimizin digər oyunçuları - Ayşən Abduləzimovanı ehtiyatda saxlayıb, Ülkər Kərimovanı isə ümumiyyətlə heyətə salmayıb.

 

Rəqibin heyətində isə Tatyana Koşelyeva məhsuldar olub. “Lokomotiv”dən fərqli, komanda oyununa üstünlük verən rəqibin hücumçusu 20 dəqiq zərbəyə sevinib.

 

Qeyd edək ki, Bakıda 3:0 hesabı ilə qalib gələn “Lokomotiv” səfərdə eynihesabla uduzduqdan sonra “Qızıl set”də də məğlubiyyətdən qaça bilməyib.