“Qalatasaray”ın ulduz voleybolçusu Nəriman Özsoy karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “ay-ulduzlu” yığmanın da aparıcı oyunçularından olan hücumçu Bakı klublarından təkliflər alıb.
Belə ki, hələ mövsüm başa çatmamış 26 yaşlı Özsoya ölkə xaricindən maraq artıb. Bunun üçün də 2012-ci ildə Krasnodar “Dinamo”sundan “Qalatasaray”a keçən və mövsüm sonu müqaviləsi başa çatacaq Bolqarıstan doğumlu türkiyəlinin xidmətində Rusiya ilə yanaşı, Azərbaycan komandaları da maraqlıdır. Lakin onun hansı qərarı verəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, Özsoy Çempionlar Liqasında “Azəryol”a qalib gəldikləri hər 2 oyunda meydana çıxıb və Bakı təmsilçisinin mübarizəni dayandırmasında pay sahibi olub.