“Rabitə” “Dördlər finalı”nın startını gözləyir
12.03.2014 - 15:26
“Rabitə” “Dördlər finalı”nın startını gözləyir

“Çempionlar Liqasının “Dördlər finalı”nın keçiriləcəyi “Kristal Hall” oyunları qəbul etməyə tam hazırdır”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin idman direktoru İlqar İmamquliyev deyib.

 

Klub rəsmisi martın 15-16-da Bakıda keçiriləcək Avropanın ən nüfuzlu klub turniri üçün son hazırlıq işlərindən danışıb. O, qısa bir müddətdə arenanın hazırlığının CEV tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb: “Oyunların baş tutacağı “Kristal Hall” sıfırdan yığılıb. Burada voleybol oyunları keçirmək üçün nə meydan, nə də tribunalar vardı. Qısa müddətə zalın içində zal yığıldı, komandanın burada məşqə başladı. Həqiqətən qısa müddətdə bu asan deyil, o qədər xırda məqamlar vardı... Təbii ki, bu işdə Azərbaycan Voleybol Federasiyasının da böyük rolu oldu. Təşkilatçılıq məsələsinə gəlincə, hansısa problem yaşanmayacaq. Hələ 1 həftə öncə CEV nümayəndələri zala baxış keçirən zaman bildirdilər ki, karyeramız ərzində gördüyümüz ən yaxşı “Dördlər finalı” hazırlığıdır və artıq 2 həftə öncədən burada oyunları keçirmək olar”.

 

İmamquliyev Bakıya gələcək “Dinamo” (Kazan, Rusiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə) klublarının, həmçinin onlardan ayrı qalacaq rəsmi qonaqların arenaya yaxın oteldə qalacaqlarını deyib. Onlar üçün Bakı ilə yaxından tanış olmaq imkanı da yaradacaq “Rabitə” KİV nümayəndələri üçün lazımı şəraiti qurub.

 

İdman direktorunun sözlərinə görə, “Dördlər finalı” ərəfəsində qeydiyyatdan keçən mətbuat nümayəndələrinin daha rahat işləməsi üçün mükəmməl şərait olacaq: “Burada KİV nümayəndələri üçün xüsusi imkanlar yaradılıb. Ayrıca mətbuat otağı fəaliyyət göstərəcək. Gedişatı işıqlandırmaq Wi-Fi və kabel interneti vasitəsilə olacaq. Mətbuat işçiləri oyunu meydançanın kənarında yerləşdirilən oturacaqlardan izləyəcəklər. Bundan əlavə, “Mix zona” fəaliyyət göstərəcək ki, burada da istənilən voleybolçu və rəsmi şəxslə müsahibə götürmək hansısa çətinlik yaratmayacaq. Artıq kifayət qədər jurnalist qeydiyyatdan keçib və bu davam edir”.

 

İmamquliyev Çempionlar Liqasında ilk dəfə Bakıda testdən keçiriləcək “Video Çelenc” sistemi barədə də danışıb: “Bildiyiniz kimi, videotəkrar daha öncə bir sıra yarışlarda tətbiq edilib. Hakimlər videotəkrara etirazı olan komandanın istəyi ilə yenidən baxıb, qərarlarını verəcəklər. Qaydaya əsasən isə komandanın kapitan 5 saniyə ərzində etirazını bildirməlidir. Burada hər setdə klubların 2 etiraz haqqı olacaq. Amma etirazlarda haqlı çıxacaqların halda onda daha 2-si əlavə olunur və bu say getdikcə artır. Səhv olduqca, haqqın bitəcək”.

 

Klub rəsmisi yalnız çempionluğu hədəflədiklərini bildirib. Onun sözlərinə görə, baş məşqçiyə və komandaya inam yüksəkdir: “Eldar Yusubov mövsümün gedişində gəlib komandanı bu cür toparlaması, özünə inamını qaytarması əladır. Artıq hamımız oyunların startını gözləyirik. İnanırıq ki, Çempionlar Liqasında 3-cü cəhdimizi qızıl medalla başa vuracağıq”.

 

Qeyd edək ki, “Rabitə” 2011-ci və 2013-cü illərdə Çempionlar Liqasının gümüş medalına sahib olub.