“Azərreyl”in sabiq voleybolçusu Sara Anzanello vətəni İtaliyada keçirilən dünya çempionatı ilə bağlı proqnozlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə Bakı klubunda çıxış edərkən qaraciyərini dəyişdirmək məcburiyyətində qalan və həmin vaxtdan karyerasını bitirən 34 yaşlı tanınmış oyunçu Azərbaycan millisini favoritlər sırasında görmür.
O, İtaliya millisinin mundialın finalında oynayacağını tam əminliklə söyləyib. Anzanellonun proqnozuna görə, sabiq komandasının rəqibi ya Braziliya, ya da Rusiya olacaq: “Braziliya millisi əla oyun nümayiş etdirir. Ruslar isə titullarını qorumaq arzusundadırlar. Türkiyə də yaxşı komandadır. Həmçinin, Almaniyanı da unutmaq olmaz. Onlardan hərdən çox güclü dahilik sıçrayışları gözləməyə dəyər. Kubanın isə “gücü” bəllidir. Onların əvvəlki oyunundan əsər-əlamət belə yoxdur. Ürəyimin dərində İtaliyanın çempion olacağını duyuram. Komandamız finalda ya Rusiyanı, ya da Braziliyanı məğlub edəcək”.
Qeyd edək ki, dünya çempionatının ilk 2 turundan sonra İtaliya, Braziliya və Rusiya 6 xal qazanıblar. Türkiyə və Almaniyanın aktivində bir məğlubiyyət olduğu halda, Azərbaycan millisi ilə eyni qrupda yer alan kubalılar setə belə həsrətdirlər.