“İqtisadçı”nın yeni transferi Kayla Banvart Bakı klubuna keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Rabitə” ilə Azərbaycan çempionu adını qazanan və 2014/2015 mövsümündə “universitet komandası”nda icarə əsasında oynayacaq amerikalı libero burada uğurlu çıxışına inamını ifadə edib.
“Rabitə”də Brenda Kastillonun “kölgəsində” qalan Banvart bildirib ki, “İqtisadçı”da əsas heyətdə oynayacağına əmindir: “Bu komandaya keçdiyim üçün çox həyəcanlıyam. Düşünürəm ki, Azərbaycan çempionatı əvvəlki illərlə müqayisədə daha güclü olacaq və mən də yeni klubumda oynamağa başlayacam”.
Kayla “İqtisadçı”nın yeni braziliyalı baş məşqçisi Aleksandr Rivettinin rəhbərliyi altında uğurlu çıxış edəcəyini deyib. Liberonun sözlərinə görə, bu mütəxəssisin köməyi ilə peşəkarlığını da kifayət qədər artıra biləcək: “İqtisadçı”da braziliyalı məşqçinin olması heç də pis deyil. Bu ölkə öz voleybolunun yüksək səviyyəsi ilə məşhurdur. Mən də şadam ki, Braziliyadan olan mütəxəssislə çalışacam. İnanıram ki, ondan çox şey öyrənəcəm”.
Qeyd edək ki, Banvart ötən mövsüm “Rabitə” ilə 3 illik müqavilə imzalayıb.