[b]Azərbaycan klubu üçün Norveç sınağı[/b]
13.01.2015 - 12:52
[b]Azərbaycan klubu üçün Norveç sınağı[/b]

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən “Azərreyl” ilk qarşılaşmasına sabah Steynkyerdə çıxacaq. Vüqar Əliyevin yetirmələri Voleybol Mərkəzində Norveçin “Stod Volley” komandasının qonağı olacaq.

 

Bunadək “İnsbruk” (Avstriya) və “Könits” (İsveçrə) klublarını mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu cütün də favoriti hesab olunurlar. Finala kimi irəliləməyi hədəfləyən “Azərreyl”in “Stod Volley” səddini də uğurla keçəcəyi proqnozlaşdırılır.

 

Düzdü, “Sliedrext” (Hollandiya) və “Kalsit”ə (Sloveniya) qalib gələn norveçlilərin heyətində də kifayət qədər təcrübəli voleybolçular cəmlənib. Lakin Polşa, Braziliya, Çernoqoriya, Albaniya, Kuba və Rumıniya kimi ölkələrdən legionerləri olan komandanın avrokubok təcrübəsi azdı. Son 3 ildə “Çelenc Cup”da mübarizə aparan rəqibimizin ciddi nailiyyəti də yoxdu.

 

Buna baxmayaraq, onlar ev qarşılaşmasında maksimum nəticə əldə etmək arzusundadı. Təbii ki, bu da Bakıya rahat yollanmaq üçündü.

 

Lakin “Azərreyl” də səfərə qələbə arzusu ilə yollanıb. Komanda Norveçdə bunu bacararsa, yanvarın 22-də olacaq cavab görüşündə bu uğuru davam etdirəcəyi sözsüzdü. Əliyevin yetirmələri ciddi müqavimətlə üzləşəcəyi halda belə qazanacaqları hər bir set komandaya əlavə üstünlük verəcək.

 

 

“Çelenc Cup”

1/8 final mərhələsi, ilk oyun

22:00. “Stod Volley” (Norveç) – “Azərreyl” (Azərbaycan)

Hakimlər: Ari Yokelaynen (Finlandiya), Yelena Qeldof (Hollandiya)

Steynkyer, İdman Sarayı