Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk oyunları başlayacaq. Apasport.az saytının məlumatına görə, yarışda yeganə təmsilçimiz olan “Lokomotiv” meydana yanvarın 14-də çıxacaq.
“Dəmiryolçular” 2015-ci ildə ilk rəsmi avrokubok matçında Krasnodar “Dinamo”sunu qəbul edəcək. Qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən də söyləmək olar. Hər 2 komanda kuboka iddia etdiyindən erkən finalın birinci görüşdəcə güclərini meydana qoymağa çalışacaq.
Buna baxmayaraq, “Lokomotiv” evdə oynadığından müəyyən üstünlüyə malikdi. Teon Buijsin yetirmələri Rusiya kubokunun sahibinə Bakıda qalib gəlməklə, səfərə daha rahat yollanmaq arzusundadı. Komandanın kapitanı Valeriya Russonun da zədədən qayıtması düşərgədə ab-havanı yüksəldib.
“Lokomotiv” kimi öz ölkəsinin çempionatında 3-cü olan “Dinamo” da Bakıya qələbə ardınca gəlib. Komandanın əsas hədəfi paytaxtımızdan sərfəli nəticə ilə geri dönməkdi. Lakin “dəmiryolçular”ın hazırda əla formada olduğunu nəzərə alsaq, bu o qədər real görünmür. Həmçinin, Bakı təmsilçisi uduzacağı halda səfərdə qisas alması çox çətin olacaq. Bu qarşılaşma yanvarın 20-də keçiriləcək.
CEV kuboku
1/4 final, ilk oyun
18:00. “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya, Krasnodar)
Hakimlər: Arnis Kelle (Latviya), Vyaçeslav Prozorov (Moldova)
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, bu mərhələyədək “Lokomotiv” “Rote Raben”lə (Almaniya) “Srvena Zvezda”nı (Serbiya), “Dinamo” isə “Novara” (İtaliya) və “Hameenlinna”nı (Finlandiya) mübarizədən kənarlaşdırıb.