Azərbaycan millisinin voleybolçusu Kseniya Kovalenkonun yeni mövsümlə bağlı karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı blokçu yeni ili də “Azəryol”da oynayacaq.
Bir gün öncə yığmamızın dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində Yaponiya üzərində 3:2 hesablı qələbəsində böyük pay sahibi olan Kovalenko ilə müqavilə 1 illik uzadılıb. Hazırda zədəli oynamasına baxmayaraq, onun yenə Bakı təmsilçisinin əsas heyət üzvü olacağını proqnozlaşdırmaq mümkündür.
Qeyd edək ki, yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda daha öncə yığma oyunçularımızdan Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipovayla Lora Kitipova, kanadalı Tabita Lav, almaniyalı Lenka Dürr və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.