Cəlil Cəfərov: Yarış Bakıda keçirilsə də, bu zal bizə yaddır
03.03.2014 - 13:44
 Cəlil Cəfərov: Yarış Bakıda keçirilsə də, bu zal bizə yaddır

“Dördlər finalı”nın Bakıda keçirilməsi ölkəmizdə idmana göstərilən dövlət qayğısı sayəsində reallaşır”. Apasport.az saytının məlumatına görə, bu fikri “Rabitə” klubunun
prezidenti Cəlil Cəfərov deyib.

Bu gün martın 15-16-da Bakıda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıqla bağlı mətbuat konfransı keçirilib. Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və qurumun vitse-prezidenti Yan Xroniklə birgə sualları cavablandıran Cəfərov turnirin təşkilində əməyi olanlara təşəkkür edib: “Bu işdə Azərbaycan prezidenti cənab İlham Əliyevin rolu böyükdür. “Bakı Kristal Hall” idman oyunları üçün nəzərdə tutulmasa da, qurğunun yarış üçün tez bir zamanda hazır olmasında Azərbaycan Voleybol Federasiyasının da böyük əməyi olub. Şadıq ki, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti və vitse-prezidenti hazırlıq işlərini yüksək qiymətləndirdilər”.

“Dördlər finalı”nda mübarizə aparacaq komandaların şanslarını dəyərləndirən klub prezidenti “Rabitə”nin çempionluğa kökləndiyini ifadə edib: “Ötən illə müqayisədə, bu il komandalar daha güclüdür. Heç bir komanda üçün asan olmayacaq. Biz də yalnız qələbə üçün oynayacağıq. Komandamız artıq “Bakı Kristal Hall”da hazırlıqlara başlayıb, 2 yoxlama oyunu keçirdib. Yarış Bakıda keçirilsə də, bu zal bizə yaddır. Çünki burada çempionat oyunları və ya digər yarışlar olmayıb. Ancaq Azərbaycan Voleybol Federasiyası test kimi çempionatın 2 matçını bura təyin edib. Bu da sırf hazırlıqlara hesablanıb. Azarkeşlərimizdən böyük dəstək gözləyirik. Bilet məsələsinə gəlincə, bununla xüsusi qrup məşğul olur. Ancaq biz “Rabitə” klubu olaraq çalışırıq ki, sadiq azarkeşlərimizin arenaya pulsuz girişinə şərait yaradaq”.

Qeyd edək ki, “Rabitə” klubu 2 dəfə - 2011 və 2013-cü illərdə Çempionlar Liqasının “Dördlər finalı”nın finalçısı olub.