“Çox həyəcanlı idim. Naz Aydəmiri əvəz edəcəyimi bilincə, onun yerini doldurmağa və komandama kömək etməyə çalışdım”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank”ın voleybolçusu Çağla Akın Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalında “Əczaçıbaşı” ilə görüşdən sonra deyib.
19 yaşlı voleybolçu matçın gedişində zədələnən təcrübəli Aydəmiri əvəzləyib. O bildirib ki, meydana girmək bele böyük təcrübə olub: “Burada çempion olmuş oyunçularla birlikdə mübarizə apardım. Ehtiyat skamyadan qibtə ilə baxdıqlarımla belə bir qarşılaşmada oynamaq qürurvericidir. İnşallah, Bakıda çempion biz olarıq”.
Qeyd edək ki, “Əczaçıbaşı”ya 3:1 hesabı ilə qalib gələn “Vakıfbank” finalda Kazan “Dinamo”su ilə oynayacaq.