Azərbaycan çempionunun oyunlarını Braziliya kanalı aldı
13.03.2014 - 10:46
Azərbaycan çempionunun oyunlarını Braziliya kanalı aldı

Qadın voleybolçular arasında Bakıda keçiriləcək “Dördlər finalı”nı ən azı 11 televiziya kanalı canlı yayımlayacaq. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələni tək Avropada deyil, Braziliya və Asiyada da birbaşa izləmək mümkün olacaq.

 

Belə ki, Band Sports (Braziliya), Eurosport (Asiya/Sakit okean), Fox Sports (İtaliya), İdman TV (Azərbaycan), NTV + (Rusiya), NTV Spor (Türkiyə), NTV Spor Smart (Türkiyə), OTE Sport 5 (Yunanıstan), Polsat Sport Extra (Polşa), RTS 2 (Serbiya) və SSF (İsveçrə) televiziya kanalları artıq bu hüquqa yiyələniblər. Onların sayının artacağı istisna deyil.

 

Həmçinin, voleybol oyunlarını göstərməklə məşhurlaşan LAOLA1.tv internet kanalı da matçları canlı yayımlayacaq. Bundan əlavə bir sıra internet portallarının görüşdən birbaşa fotolar da təqdim edəcəyi dəqiqləşib.

 

Qeyd edək ki, martın 15-16-da keçiriləcək “Dördlər finalı”nda Azərbaycan çempionu ilə yanaşı, “Dinamo” (Kazan, Rusiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə) mübarizə aparacaq.