Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin məşqçilər korpusu ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, Avro-2015-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Vladimir Kuzyutkinlə müqaviləni rəsmiləşdirib.
67 yaşlı rusiyalı dünya çempionu ilə 2016-cı ilin sonuna kimi razılıq əldə olunub. Onun köməkçiləri isə Azərbaycan üçün tanış simadır. Belə ki, ötən ilin may ayında kişilərdən ibarət millimizə gətirilən, sonra isə vətəninə qaçan Plamen Xristov Kuzyutkinin əsas yardımçısı olacaq. Onun digər köməkçilərindən Petr Şopov isə vaxtı ilə “Lokomotiv”də çalışıb və Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın nişanlısıdır.
Onlarla yanaşı, Vladimir Orlov da məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsinin I dövrəsi məhz Bolqarıstanda, cavab oyunları Bakıda olacaq. Qrupumuzda isə Kuzyutkinin yetirmələri ilə yanaşı, Portuqaliya və Yunanıstan milliləri yer alıblar.