Azərbaycanlı hakimlər Ukrayna klubunu ziyana saldılar
30.01.2014 - 11:51
Azərbaycanlı hakimlər Ukrayna klubunu ziyana saldılar

Avropa Həndbol Federasiyası beynəlxalq dərəcəli azərbaycanlı hakimlərə növbəti təyinat verib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum “Çelenc Cup”ın 1/8 finalında “Qaliçanka” – “Dnepryanka” (hər ikisi Ukrayna) görüşünü həmyerlilərimiz – Emil Ağakişi və Ernest Ağakişiyə etibar edib.

 

Bu təyinatlar isə ilk matça ev sahibliyi edəcək Lvov təmsilçisinin baş məşqçisi Vasili Kozarı razı salmayıb.

 

O bildirib ki, azərbaycanlı hakimlər “Qaliçanka”nın maliyyə durumunu daha da çətinləşdirəcək: “Mərhələ keçmək üçün komandaya heç bir mükafat verilməyəcək. Burada oynamaq üçün vəsaiti çətinliklə tapmışıq. Biz hər 2 oyunu səfərdə keçirmək istəyirdik. Amma belə olmadı. Ən azı hakimlərə ödəniləcək pulda qənaət etmək istəyirdik. Ümid edirdik ki, Avropa Həndbol Federasiyası görüşümüzə Slovakiya və ya Macarıstandan hakim təyin edər. Belə olsaydı biz ədalət təmsilçilərinə az xərc çəkərdik. Lakin onlar matçlarımızı azərbaycanlılara tapşırdı. Onların ölkəmizə gəlməsinə kifayət qədər xərcimiz çıxacaq. Görünür, onlar elə bilib ki, Ukrayna ilə Azərbaycan qonşudur”.

 

Qeyd edək ki, qarşılaşmalar fevralın 1-də və 2-də olacaq.