Bakı klubu “lotereya”dan qaçmaq arzusunda
10.02.2014 - 17:09
Bakı klubu “lotereya”dan qaçmaq arzusunda

Sabah qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, birinci oyun günün yeganə qarşılaşmasında “Azəryol” Polşa “Bank Fakro”sunu qəbul edəcək.

 

İlk matçda 2:3 hesabı ilə uduzan Ancelo Vercesinin yetirmələri cütün favoriti olsalar da, oyunun asan keçəcəyi gözlənilmir. Çünki 1/4 finalda “Lokomotiv”ə hər 2 görüşdə qalib gələn rəqib bu dəfə də Bakıya eyni arzu ilə gəlir.

 

Lakin “Azəryol”un “dəmiryolçular”la müqayisədə şansı daha yüksəkdir. Səfərdə qazanılan 2 set onların köməyinə gələ bilər. Hətta yarışda sonadək irəliləməyi hədəfləyən “Azəryol” qarşılaşmanın taleyini əsas vaxtda da həll edə bilər. Bunun üçün komandamız 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməlidir.

 

Əgər “Bank Fakro” 2:3 hesabı ilə uduzarsa, həmin halda “Qızıl set”ə ehtiyac olacaq. “Lotereya”da da doğma divarlar və azarkeş amili “Azəryol”un köməyinə gələ bilər.

 

CEV kuboku

Çelenc raund, cavab oyunu

 

18:00. “Azəryol” (Azərbaycan) – “Bank Fakro” (Polşa)

Hakimlər: Sergey Qulka (Ukrayna), Aleksandr Tubilov (Rusiya)

Bakı, Voleybol Mərkəzi

 

İlk oyun: “Bank Fakro” (Polşa) – “Azəryol” (Azərbaycan) – 3:2 (25:20, 22:25, 22:25, 28:26, 15:13)

 

Qeyd edək ki, bu cütün qalibi “Fənərbaxça” (Türkiyə) – “Agel” (Çexiya) duelinin güclüsü ilə qarşılaşacaq.