Bakının bir addımlığında
07.02.2014 - 09:28
Bakının bir addımlığında

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, I pley-off mərhələsində mübarizə aparan 4 ölkənin 6 komandası ilk görüşlərinə çıxıb. Baş tutan qarşılaşmaların hamısı eyni hesabla nəticələnib.

Dörd set davam edən matçların ikisində qonaqlar qalib gəlməklə Bakıda baş tutacaq “Dördlər finalı”na bir addım da yaxınlaşıb. Kazan “Dinamo”su İsveçrədə, “Əczaçıbaşı” isə Rusiyada inamlı qələbə qazanmaqla həlledici mərhələ iddiasını ortaya qoyub. Yarışın əsas favoriti “Vakıfbank” isə evdə sevinib.

Azərbaycan milli komandasının kapitanı Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Rusiyada “Əczaçıbaşı"na uduzmaqla bakıya gəlmək şanslarını minimuma endirib. Hücumçumuz bu qarşılaşmada 16 xal yığmaqla matçın 3-cü bombardiri olub.

1/3 final mərhələsi
6 fevral

“Omiçka” (Rusiya) - “Əczaçıbaşı” (Türkiyə) – 1:3 (17:25, 27:29, 25:22, 21:25)
“Vakıfbank” (Türkiyə) – “Kann” (Fransa) – 3:1 (21:25, 25:7, 25:18, 25:9)
“Volero” (İsveçrə) - “Dinamo” (Kazan, Rusiya) – 1:3 (25:20, 14:25, 25:27, 22:25)

Qeyd edək ki, cavab oyunları fevralın 11-13-də baş tutacaq 1/3 final mərhələsini keçəcək klublar Bakıda “Rabitə”nin ev sahibliyi edəcəyi “Dördlər finalı”na vəsiqə qazanacaq.