Çempionlar Liqasının qalibi: Bakıya iddialı yollanırıq
12.03.2014 - 16:06
Çempionlar Liqasının qalibi: Bakıya iddialı yollanırıq

“Hədəfimiz çempionluqdur. Bakıya iddialı yollanırıq. Bunun üçün də son 3 həftədə çətin bir hazırlıq proqramı keçdik”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank”ın voleybolçusu Naz Aydəmir deyib.

 

Türkiyə millisinin də şərəfini qoruyan təcrübəli oyunçu Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” öncəsi iddialı danışıb. O bildirib ki, “Vakıfbank”la ötən mövsüm qazandıqları titulu qorumağı hədəfləyiblər: “Bu üçün öncə yarımfinalda “Əczaçıbaşı” ilə qarşılaşacağıq. Onlarla nə qədər oynamağımıza baxmayaraq, hesab 0:0-la başlayacaq. Bir oyun olacaq və qalib finala yüksələcək. Bu səbəbdən də görüş gərgin keçəcək”.

 

Aydəmir martın 15-16-da baş tutacaq həlledici mərhələdə “Rabitə” ilə “Dinamo”nun da gücündən danışıb: “Dördlər finalı”nda bütün rəqiblərimiz güclüdür. Ev sahibi “Rabitə”nin üstünlüyü də var. Onlar yerli azarkeşlərin dəstəyi altında oynayacaqlar. Kazan “Dinamo”su Qamova, Del Kore kimi güclü oyunçulardan təşkil olunub. Türk klubları da güclüdür. Hər 4 klubun şansının eyni olduğunu düşünürəm”.

 

Qeyd edək ki, “Vakıfbank” Bakıya sabah gələcək.