Çempionlar Liqasının qalibi Bakıya gəlir
13.02.2014 - 09:17
Çempionlar Liqasının qalibi Bakıya gəlir

Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın 3-cü iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Vakıfbank” klubu Bakıda keçiriləcək həlledici mərhələyə vəsiqə əldə edib.

 

İstanbul nəhənginə qədər martın 15-16-da baş tutacaq yarışa 2 komanda yüksəlmişdi. Bunlar meydan sahibi kimi bu hüququ qazanan Azərbaycan çempionu “Rabitə” və Rusiya “Dinamo”su (Kazan) idi.

 

“Vakıfbank” bu vəsiqəni çox çətinliklə qazanıb. Türkiyəlilər Fransada “Kann”a 1:3 (25:19, 17:25, 22:25, 22:25) hesabı ilə uduzsa da, ilk matçda eyni nəticə ilə qalib gəldiyindən cütün taleyi “Qızıl set”də həll olunub. Yarışın son qalibi, axırıncı 3 turnirdən ikisində kuboka sahib çıxan “Vakıfbank” 15:12 hesabı ilə qalib gəlməyi bacarıb.

 

Qeyd edək ki, “Dördlər finalı”nın sonuncu iştirakçısı bu gün müəyyənləşəcək. Rusiyada “Omiçka”nı 3:1 hesabı ilə məğlub edən “Əczaçıbaşı” Türkiyədə cavab oyununda üstünlüyünü qorumağa çalışacaq.