Çervyakovun etirafı: “Uraloçka”da olan güc bizdə yoxdur
23.01.2014 - 13:15
Çervyakovun etirafı: “Uraloçka”da olan güc bizdə yoxdur

“Azərreyl”in baş məşqçisi Aleksandr Çervyakov CEV kubokunda mübarizəni dayandırmalarını şərh edib. Apasport.az saytının məlumatına görə, yığmamızda da işləyən mütəxəssis əvvəllər ad-sanı ilə öyünən, hazırda isə Rusiyanın ortabab komandası olan “Uraloçka”nın “dəmiryolçular”dan güclü olduğunu etiraf edib.

 

Bakıda 1:3 hesabı ilə uduzan Çervyakov Yekaterinburqda da eyni hesabla uduzmalarını birinci hissədə “sınmaları” ilə bağlayıb. Yalnız startda rəqibə qarşı müqavimət göstərən “Azərreyl” ardınca zəif təsir bağışlayıb və rusların lazımı 2 seti qazanmasından sonra 3-cü hissədə gənclərə 1 hissə qalib gəlməsi ilə təsəlli tapıb: “Çox təəssüf edirəm ki, biz birinci setdə uduzduq. Qələbə qazanmaq üçün azca gücümüz çatmadı. “Uraloçka”nı bir az sıxa bilsəydik, oyunun nəticəsi başqa cür ola biləcəyini də düşünürəm. Əlbəttə, bizdə “Uraloçka”da olan güc yoxdur”.