Dəyişək, “inkişaf” edək...
29.01.2014 - 15:10
Dəyişək, “inkişaf” edək...

Azərbaycan Voleybol Federasiyasının tez-tez təqvim dəyişməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Super Liqada turların və ya oyun günlərinin dəyişdirilməsi yalnız Beynəlxalq Voleybol Federasiyasının (FİVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) yarışlarına diqqət yetirməməkdən irəli gəlir.

 

Ölkəmizdə bu idman növünün inkişafı, yığmamızın qazandığı uğurlar, klublarımızın transfer etdikləri ulduzlar, avrokubokdakı nailiyyətlər bütün dünyanın diqqətini Azərbaycana yönəldib. Bu səbəbdən də bir vaxtlar yerli mətbuatın belə yazmadığı çempionata hazırda maraq yüksəkdir. Amma bu yarışın təşkilatçılığından söz düşəndə, əksər federasiya rəsmilərinin hələ də təcrübəsizliyi özünü göstərir.

 

Məsələn, dünyanın bütün ölkələri mövsümdən ən azı 1 ay öncə təqvimi müəyyənləşdirirlər. Özü də bu təqvim necə qurulur? Öncə reqlament elan olunur, klubların və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilir. Ardınca isə püşkün nəticəsinə əsasən oyunların cədvəli qurulur.

 

Bizdə necədir? Mövsümün startına çox az bir müddət qalmış yarışa qatılacaq klubların sayı bilinir. Sonra dəqiqləşir ki, bu və ya gələn həftə Super Liqa başlayır. Jurnalistlərin görmədiyi püşk-filansız təqvimə aydınlıq gətirilir. Daha sonra isə komandalarımızın avrokuboklarda iştirakı və ya yığmamızın oyunları həmin təqvimi alt-üst edir.

 

Uzağa getməyək, götürək hazırda davam edən mövsümü. Startda reqlament açıqlandı və bildirildi ki, yeni Azərbaycan çempionu 4 dövrəli klassik sistemlə dəqiqləşəcək. Yəni, ən çox xal toplayan fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Lakin ilk dövrə bitməmiş (təxirə salınan oyunlar qalıb) reqlament dəyişdi (ötən il də dəyişmişdi və nəticədə “gümüş” ikiyə bölündü, “bürünc” yiyəsiz qaldı).

 

Super Liqanın startından sonra çempionatın təqvimində də boşluq yarandı. Əslində, bu, Çempionlar Kubokuna görə gözlənilən idi. Amma bizdə təqvim qurularkən, yəqin ki, həmin yarış nəzərə alınmamışdı. Sonra “işləri” avrokuboklar korladı.

 

Düzdür, klublarımızın beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil etməsi üçün şərait yaradılmalıdır. Amma bu, əvvəlcədən nəzərə alınmalıdı. Bizdə fərqli, digər ölkələrdə kubok yarışları da keçirilir. Bir komanda bəzən həftədə 3 oyuna çıxır. Azərbaycanda isə ölkə kuboku keçirilmədiyi halda, yenə də yerdəyişmələr qaçılmaz olur.

 

Problemin həlli qəliz deyil, əvvəlcədən plan qurulmalı (təqvim oxu), hər şey buna uyğun getməlidir. Bunları həyata keçirmək üçün isə, beynəlxalq yarışların təqviminə baxmaq yetərlidir...