Əfsanə karyerasını bitirdi
18.05.2016 - 18:49
Əfsanə karyerasını bitirdi

Rusiya voleybolunun əfsanəsi Yekaterina Qamova karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı ulduz qərarını Rusiya telekanallarından birinə açıqlayıb.

 

Hələ ötən ay şərəfini qoruduğu “Dinamo-Kazan”la müqaviləsini uzatmayan Qamova həmin addımının karyerasını bitirməsi ilə bağlılığını göstərib. O, karyerası ərzində Rusiyanın gənclər, tələbələr və əsas millilərində, həmçinin “Metar”, “Uraltransbank”, “Uraloçka-NTMK”, “Dinamo” (Moskva vilayəti), “Dinamo” (Moskva), “Dinamo-Kazan” və Türkiyə “Fənərbaxça”sında çıxış edib.

 

202 sm boya malik voleybolçu hücumdakı qarşısıalınmaz zərbələrinə görə “Game Over” (Oyun bitdi), “Böyük Yekaterina” və “Qam” kimi ləqəblərə layiq görülüb. Qamova milli və klub səviyyəsində Azərbaycan komandaları üçün də arzuolunmaz rəqiblərdən olub.

 

Yekaterina karyerası 2 dəfə dünya, 2 dəfə Avropa çempionu olub, 2 dəfə Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Dünya kubokunun gümüş, Qran-Prininsə 1 qızıl, 4 gümüş, 1 bürünc mükafatını qazanan ulduz 1 dəfə dünya, 2 dəfə Avropa üçüncüsü olub. O, klub səviyyəsində də saysız-hesabsız medal əldə edib. Klublararası dünya çempionu, Çempionlar Liqasının qalibi adının daşıyıcısı 11 dəfə Rusiya, 1 dəfə Türkiyə çempionu da olub. 4 dəfə vətənində, 1 dəfə Türkiyədə kubok qazanan Qamova legioner həyatında Superkuboka da yiyələnib. Yekaterinanın fərdi mükafatlarının sayı isə daha çoxdu. O, dəfələrlə müxtəlif yarışların ən yaxşılarından olub.

 

 

0