İkisi qaldı
13.03.2014 - 18:04
İkisi qaldı

Çempionlar Liqasının “Dördlər finalı”nda qızıl medallar “Rabitə” üçün 2 qat bayram ola bilər. Apasport.az saytının hesablamalarına görə, bakılılar beynəlxalq miqyaslı klub turnirlərində yubiley – 50-ci qələbəsinin 2 addımlığındadır.

 

Fasiləsiz 7 mövsümdür avrokuboklarda iştirak edən, bunun nəticəsində 2 dəfə dünya çempionatına qatılan son illərin dəyişməz Azərbaycan çempionunun hesabında ümumilikdə 48 qalibiyyət var. İndiyədək avrokuboklar və mundialda 70 matç keçirən “Rabitə” onların yalnız 22-də məğlub olub. Çempionlar Liqasının yarımfinalında və finalında qazanılacaq uğurlar qələbə sayını 50-yə çatdıra bilər.

 

Belə ki, təmsilçimiz ilk qalibiyyətini 2007-ci il dekabrın 17-də Kiprin AEL klubu üzərində qazanıb. “Çelenc Cup”ın 1/16 final mərhələsinə təsadüf edən həmin ev oyununun taleyi 3 setdə həll olunmuşdu – 3:0.

 

“Rabitə”nin qələbələrindən 6-sı dünya çempionatı, 6-cı “Çelenc Cup”, 5-i CEV və 31-i Çempionlar Liqasına təsadüf edib.

 

Neytral meydanlarda 8, səfərdə 15 dəfə rəqibini məğlub edən paytaxt klubu 25 dəfə doğma divarlar arasında qalib gəlib (2010-cu ilin martında Bakıda keçirilən CEV kubokunun “Dördlər finalı” “Rabitə”nin ev oyunu kimi nəzərə alınıb - red).

 

Qeyd edək ki, “Dördlər finalı”nda “Rabitə” öncə Kazan “Dinamo”su ilə qarşılaşacaq. Komandamız yarımfinal görüşünü qalib kimi başa vuracağı halda 1 gün sonra həlledici oyunda “Əczaçıbaşı” – “Vakıfbank” (hər ikisi Türkiyə) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.