Katarjina Skorupa: “Dinamo”ya qalib gələcəyik
14.03.2014 - 10:26
Katarjina Skorupa: “Dinamo”ya qalib gələcəyik

“Mövsümün əvvəlindən Çempionlar Liqasını qazanmaq əsas hədəfimiz idi və məqsədimiz dəyişməz qalıb”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Katarjina Skorupa deyib.

 

Polşalı toppaylayıcı sabah Bakıda start götürəcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb.

 

Azərbaycan çempionu ilə analoji yarışın gümüş medalını qazanan oyunçunun sözlərinə görə, həlledici mərhələdə “Rabitə”nin üstünlüyü var: “Öz meydanımızda, doğma azarkeşlər önündə oynayacağıq. Bu da bizim üstünlüyümüzdür. Üzərimizdə böyük təzyiq olacaq. Lakin bu baxımdan bizdə hər hansı fərq yoxdur. Evdə və ya səfərdə oynasaq da, məsuliyyətimiz eyni olur”.

 

Ötən mövsümdən “Rabitə”nin şərəfini qoruyan və az öncə 2 illik yeni müqaviləyə imza atan Skorupa yarımfinalda qarşılaşacaqları Kazan “Dinamo”sundan da danışıb: “Dördlər finalı”nın bütün iştirakçıları çox güclüdür. Onların hər birini fərqləndirən güclü cəhətləri var. Bu üzdən kimisə favorit kimi göstərmək çətindir. İndi biz “Dinamo” ilə ilk oyunumuza köklənmişik. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq və düşünürəm ki, rusiyalılara qalib gələ biləcəyik”.

 

Qeyd edək ki, sabah Bakıda start götürəcək “Dördlər finalı”nın digər cütündə Türkiyə təmsilçiləri “Əczaçıbaşı” ilə “Vakıfbank” üz-üzə gələcək.