Katarjina Skovronska: Bunu bacarsaq, sabah təyyarədə olacam
18.04.2014 - 13:47
Katarjina Skovronska: Bunu bacarsaq, sabah təyyarədə olacam

“Mövsüm məni çox yorub. Ona görə də finalın 3 oyunda başa çatmasını arzulayıram”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz voleybolçu Polşa mətbuatına müsahibə verib. İndiyədək 3 ölkədə 4 çempionluq yaşayan universal oyunçu 5-ci qızıl medalını Azərbaycanda almağa çox yaxın olduqlarını bildirib. Onun sözlərinə görə, final mərhələsində 2 dəfə məğlub etdikləri “Azəryol”a bu gün qalib gəlməklə, mövsümü bitirməyi hədəfləyiblər: “Əgər bunu bacarsaq, artıq sabah təyyarədə olacam. Doğma Polşaya belə tez qayıtmaq istəyirəm”.

 

Skovronska qarşılaşmanın asan keçməyəcəyi qənaətində olsa da, rəqibə uduzmağın planlarına daxil olmadığını deyib: “Düzdür, bu, o qədər də asan olmayacaq. Müəyyən çatışmazlıqları aradan qaldırmaqla, hücumda yenə effektli oyun nümayiş etdirsək, bunu bacaracağıq. Komandamızın heyətindəki səviyyəli oyunçuların olmasını nəzərə alsaq, mövsümü çempion kimi başa vurmaq o qədər də çətin olmamalıdır”.

 

Qeyd edək ki, “Rabitə” – “Azəryol” matçı saat 18:00-da başlayacaq.