“Bakıdakı kimi yenə çətin oyun oldu. “Azərreyl” ciddi rəqibdir və ilk setlərdən növbəti mərhələyə çıxmaq uğrunda ağır oyun getdi”. Apasport.az saytının məlumatına görə, bunu CEV kubokunun 1/4 final mərhələsində “Azərreyl”lə cavab oyunundan sonra “Uraloçka”nın baş məşqçisi Nikolay Karpol deyib.
Əfsanəvi məşqçi Bakı klubunu mübarizədən kənarlaşdırmalarına münasibət bildirib. Onun sözlərinə görə, Yekaterinburqda 2:0 hesabı ilə öndə olduqdan sonra uduzduqları yeganə setdə gəncləri yoxlayıb: “Üçüncü hissədə zəif oynadığımız üçün uduzmadıq. Sadəcə, gənclərə meydana çıxmaq şansı verdik”.
Maraqlıdır ki, “Uraloçka”nın rəsmi saytı oynadıqları klubu da düzgün təqdim etməyiblər. Komanda rəhbərliyinin lazımsız ad dəyişikliyi bütün klublar və mütəxəssislər kimi onların da diqqətindən yayınıb. Bunun üçün də hazırda “Azəryol” adı altında çıxış edən “Azərreyl”in uğurları məhz “kiçik bacı”nın adına yazılıb. Görünür, tez-tez Azərbaycana gələn Karpol da ya klubunun rəsmi saytındakı yazıya diqqət yetirməyib, ya da çalışdırıcı da bu “oyun”dan xəbərsizdir.
Qeyd edək ki, “Uraloçka” hər 2 görüşdə “Azərreyl”lə qalib gəlib.