Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçiriləcək “Dördlər finalı”nın sonuncu iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Əczaçıbaşı” klubu da həlledici mərhələyə vəsiqə qazanıb.
2-ci pley-off mərhələsinin son matçında Rusiya “Omiçka”sı ilə qarşılaşan istanbullular Azərbaycan yığmasının lideri Natalya Məmmədovanın şərəfini qoruduğu komandaya şans verməyib. Omskda 3:1 hesabı ilə qalib gələn “Əczaçıbaşı” evdə daha asan qələbə qazanıb – 3:0 (25:19, 25:21, 25:16). Bu məğlubiyyətlə Bakıdakı “Dördlər finalı”na yolu bağlanan omsklılara Məmmədova da kömək edə bilməyib. Hücumçu qarşılaşmada cəmi 5 xal toplayıb.
Qeyd edək ki, martın 15-16-da keçiriləcək həlledici mərhələnin yarımfinalında “Əczaçıbaşı” digər Türkiyə nəhəngi “Vakıfbank”la üz-üzə gələcək. Azərbaycan çempionu “Rabitə” isə Rusiyanın “Dinamo” (Kazan) klubunu sınağa çəkəcək.