“Bu günkü oyun haqda qısa danışmaq istərdim. Düşünürəm ki, qalib gəlib, seriyanı uzatmağı bacaracağıq”. Bunu apasport.az saytına açıqlamasında “Azəryol”un voleybolçusu Polina Rəhimova deyib.
Azərbaycan millisinin də şərəfini qoruyan 24 yaşlı hücumçu Super Liqasının final mərhələsi haqda fikirlərini açıqlayıb. Son matçlarda əla formada olan və komandasının “vuran əli”nə çevrilən Rəhimova bu gün çempionun müəyyənləşməyəcəyi qənaətindədir. O bildirib ki, final mərhələsində “Rabitə”yə 2 dəfə uduzmalarına baxmayaraq, 3-cü görüşdə buna imkan verməyəcəklər: “Sonuncu oyunçumuza qədər hamıya inanıram. “Rabitə” dişimizə görədir. Sadəcə, soyuqqanlı olub, ağılla oynayıb, qalib gəlmək lazımdır”.
Qeyd edək ki, 3 qələbəyədək davam edəcək final mərhələsində “Rabitə” və “Azəryol” arasındakı üçüncü görüş bu gün saat 18:00-da başlayacaq.