Püşk atıldı: Azərbaycan Türkiyə və Ukrayna ilə eyni qrupda!
04.03.2014 - 19:25
Püşk atıldı: Azərbaycan Türkiyə və Ukrayna ilə eyni qrupda!

Çimərlik voleybolu üzrə 2016-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının mənzil-qərargahı Lüksemburqda baş tutan mərasimdə Azərbaycanın kişi və qadın komandalarının da rəqibləri bəlli olub.

 

Belə ki, ilk mərhələdən mübarizəyə qoşulacaq yığmalarımız B bölgəsinin H qrupunda Türkiyə, Ukrayna və İsrail voleybolçuları ilə münasibətlərinə gətirəcəklər. Oyunlar iyunun 21-22-də Bakıda keçiriləcək.

 

Reqlamentə əsasən ilk mərhələdən mübarizəyə qoşulacaq komandalar 2 bölgə üzrə 8 qrupda güclərini yoxlayacaqlar. Baş tutacaq oyunlardan sonra qruplarda ilk 2 yerdə qərarlaşan yığmalar birbaşa 2015-ci ildə keçiriləcək 3-cü mərhələyə vəsiqə qazanacaqlar. Digər komandalar avqust-sentyabr aylarında olacaq 2-ci mərhələdə yenidən 8 vəsiqə uğrunda şanslarını yoxlayacaqlar.

 

III mərhələdə həm kişi, həm qadınlarda 32 milli yarışacaq ki, onlardan da reytinqinə görə 8-i məlumdur. Kişilərdə Hollandiya, Polşa, İtaliya, Almaniya, Latviya, İspaniya, Avstriya və Rusiya, qadınlarda Almaniya, Hollandiya, Avstriya, İtaliya, Rusiya, İsveçrə, Çexiya və İspaniya rəqiblərini gözləyir. Bu mərhələdə hər 2 yarışda 8 yığma birbaşa 2016-cı ildə olacaq yarımfinala yüksələcək. Onlardan sonrakı yerlərdə qərarlaşacaq 16 cütlük isə bu komandalara rəqib olmaq üçün bir-birləri ilə qarşılaşacaq.

 

Yekunda finalda həm kişilərdə, həm də qadınlarda 8 yığma qüvvəsini sınayacaq. Burada çempion olacaq cütlər Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar. Digər 2 mükafatçılar isə Olimpiya Təsnifat Turnirində yarışacaq.