Rusiya yığmasının sabiq baş məşqçisi: Bizi tamaşa gözləyir - MÜSAHİBƏ
15.03.2014 - 12:56
Rusiya yığmasının sabiq baş məşqçisi: Bizi tamaşa gözləyir - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət Rusiya millisinin sabiq baş məşqçisi Vladimir Kuzyutkin Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nı izləmək üçün ölkəmizə gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Rusiya mətbuatına müsahibə verib.

 

 

- “Dördlər finalı”nın Bakıya verilməsini necə qarşıladız?

- Bunu anlayışla qarşıladım. Bu gün Bakı Avropa klub voleybolunun paytaxtlarından biri kimi qəbul olunur. “Rabitə” son 3 ildə 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Burada daim böyük turnirlər keçirilir. Əminəm ki, Kazan da yarışı təşkil edə bilərdi. Lakin Azərbaycan “Dördlər finalı”nı yüksək səviyyədə təşkil etmək iqtidarındadır.

 

- Bəs hakimlik haqda nə düşünürsüz? Axı bəzən onların meydan sahiblərinə simpatiyası olur?

- Qrup mərhələsi və pley-offda dediyiniz problem ola bilər. Lakin “Dördlər finalı”nda hakim səhvləri ola bilməz. Çünki bura ən yaxşı hakimlər gəlir. Həm də hok-ay” sistemindən də istifadə olunacaq.

 

- Bakıda hansı komandanı favorit görürsüz?

- Burda favorit yoxdur. Yarımfinal cütlərində şanslar bərabərdir. “Rabitə” doğma divarlar arasında oynadığı üçün “Dinamo” üzərində kiçik üstünlüyə malikdir. “Vakıfbank”sa təcrübə hesabına “Əczaçıbaşı”nı üstələyir. Lakin yarımfinalların taleyini ulduz oyunçuların bacarığı deyil, daha hazırlıqlı olmaq, məşqçi düşüncəsi və adi təsadüf həll edə bilər. Finalda isə bizi gözlənilməz tamaşa gözləyir. Ümid edirəm ki, “Dinamo” da finala çıxacaq.

 

- Lakin “Dinamo” Rusiya kubokunu qazana bilmədi?

- Həmişə hesab etmişəm ki, qələbələr deyil, məğlubiyyətlər nə isə öyrədir. Bu üzdən kubokdakı məğlubiyyətin Çempionlar Liqasının “Dördlər finalı”ndakı oyuna təsir edəcəyini düşünmürəm. Yəqin ki, kazanlılar Bakıda qalib olmağı bacarsa, kubokdakı məğlubiyyəti yada salan olmayacaq.