Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin cütləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III dövrənin bitməsinə 4 matç qalmasına baxmayaraq, medallar və sonuncu olmamaq üçün qarşılaşacaq komandaların adlarına aydınlıq gəlib.
Belə ki, “Rabitə”nin əsas mərhələni birinci və “Azərreyl”in dördüncü başa vuracağı dəqiqləşib. Bu isə o deməkdir ki, sabah keçiriləcək sonuncu turda qarşılaşacaq bu 2 komanda yarımfinalda da 2 qələbəyədək mübarizə aparacaq. Tarixi ərzində keçirdiyi bütün oyunlarda rəqibini məğlub edən “Rabitə”nin bu dəfə də güclü olacağı daha inandırıcı görünür.
Digər finalçı isə “Azəryol” – “İqtisadçı” cütündə müəyyənləşəcək. Ötən mövsüm gümüş medalı yarı bölməklə dünyada analoqu olmayan bu klubların finalın 1 addımlığında dayanmalı olacaq. Düzdür, hələ onlardan hansının əsas mərhələni ikinci və ya üçüncü bitirəcəyi müəyyənləşməyib. Lakin ötən mövsümdə olduğu kimi yenə “Rabitə”nin arxasındakı 2 pillə məhz bu komandaların olacaq.
Sonuncu olmamaq üçün isə tarixinin ən bərbad mövsümünü keçirən “Lokomotiv” gənclərdən təşkil edilən “Telekom”u sınağa çəkəcək.
Pley-off mərhələsi
Yarımfinallar
“Rabitə” – “Azərreyl”
“Azəryol” – “İqtisadçı”
5-ci yer uğrunda
“Lokomotiv” – “Telekom”
Qeyd edək ki, pley-off mərhələsi aprelin 7-dən start götürəcək.