Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Afrika zonasının ilk qalibi ilə mundial iştirakçısının sayı 17-yə çatıb.
Bu xoşbəxtlik U qrupunu I yerdə başa vuran Tunis yığmasına nəsib olub. Onlar həlledici matçda əsas rəqibləri Keniya millisini məğlub ediblər – 3:2 (25:21, 24:26, 15:25, 28:26, 15:10). Bununla da rəqiblərini cəmi 1 xal qabaqlayan tunislilər mundiala yüksəliblər. Afrika zonasının İtaliyaya bilet verəcək ikinci iştirakçısının adı isə martda bilinəcək.
Tunisə kimi meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, həmçinin “köhnə qitə”nin digər təmsilçiləri Azərbaycan, Türkiyə, Belçika, Xorvatiya, Bolqarıstan, Serbiya, Hollandiya, Asiya və Okeaniyanın 4 komandası – Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya ilə Argentina milliləri 24 komandanın mübarizə aparacağı dünya çempionatında iştirak hüququ qazanmışdı.
Qeyd edək ki, Afrika zonasının ardınca Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) çempionatında iştirakçıların adları dəqiqləşəcək. Yerdə qalan 6 vəsiqənin sahibi məhz NORCECA-dan olacaq və iyuladək keçiriləcək seçmə oyunlarda müəyyənləşəcək. Yarışın püşkatması isə martın 10-na təsadüf edəcək.