Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik hələ öz təsdiqini tapmayıb. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Voleybol Federasiyasının daxili yarışlar üzrə koordinatoru Oqtay Musayev məlumat verib.
O bildirib ki, çempionatının daha maraqlı və gərgin keçməsi üçün bir neçə layihəni nəzərdən keçirirlər. Son qərarın isə tezliklə verilməsi gözlənilir.
Musayevin sözlərinə görə, mövsümün əvvəlindəki reqlamentin də saxlanılmaq ehtimalı yüksəkdir: “Bu ilin Əsasnaməsinə əsasən, 4 dövrəli reqlamentin öz qüvvəsində qalmaq ehtimalı var. Sadəcə, Super Liqada çıxış edən 6 klubdan 5-inin avrokuboklarda mübarizə aparması bir qədər vaxt qıtlığı yaratdı. Həmçinin, Çempionlar Liqasının “Dördlər finalı” da paytaxtımızda olacaq. Buna baxmayaraq, Super Liqanı yüksək səviyyədə keçirmək üçün klub rəsmilərinin fikirləri nəzərə alınacaq”.
Federasiya rəsmisi bu reqlamentlə yanaşı, daha 2 qayda üzərində də işlədiklərini bildirib: “Bizim 3 layihəmiz var. Bunlardan biri 4 dövrəli, digəri 1-4-cü, 5-6-cı yerlər öz aralarında və 2 dövrədən sonra mübarizəni 2 qrupda davam etdirməkdir. Yekunda bunlardan ən yaxşısını seçəcəyik. Yəni, hər 3 layihə klub rəhbərlərinə göndəriləcək, ardınca isə onların rəyləri nəzərə alınmaqla, yekun qərar qəbul olunacaq”.
Musayevin sözlərinə görə, hələ bu qərar üçün vaxt var. Çünki ikinci dövrə martın 8-də başa çatacaq.