Ya “Qızıl set”, ya vida!
28.02.2014 - 17:43
Ya “Qızıl set”, ya vida!

Sabah qadın voleybolçular arasında CEV kubokunun finalçıları bilinəcək. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşlərindən biri Bakıda keçiriləcək.

 

Paytaxtımızda “Azəryol” “Fənərbaxça”nı qəbul edəcək. Görüşün Ancelo Vercesinin yetirmələri üçün heç də asan keçəcəyi proqnozlaşdırılmır. İstanbulda 0:3 hesabı ilə uduzan voleybolçularımızın doğma divarlar arasında revanş alması belə çətin olacaq.

 

Çünki Çempionlar Liqasında uğursuzluqdan sonra mübarizəni CEV kubokunda davam “Azəryol” öncə rəqibinə 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, ardınca “Qızıl set”də də türkləri üstələməlidir. “Fənərbaxça”nın 2:3 hesablı məğlubiyyəti də komandamızın əleyhinə olacaq.

 

Bunun üçün “Azəryol” oyunda düzgün taktika seçməli, “lotereya”ya da gücünü qorumalıdır. Əks halda, Çempionlar Liqasının ötən mövsümündə “Yamamay”la (İtaliya) pley-offdakı uğursuzluq yaşana bilər. Çünki həmin vaxt səfərdə 2:3 hesabı ilə uduzduqdan sonra Bakıda 3:0 hesabı ilə qalib gələn komandamız “Qızıl set”də üzülmüşdü.

 

1 mart

CEV kuboku
 

1/2 final, cavab oyunu

17:00. Azəryol” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə)

Hakimlər: İqor Porvaznikə (Slovakiya), Tomas Murulo (Estoniya)

Bakı, Voleybol Mərkəzi
 

İlk oyun: “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:14, 25:12, 25:16)

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütündə ilk matçda 3:2 hesabı ilə qələbə qazanan “Dresdner” (Ukrayna) “Uraloçka”nı (Rusiya) qəbul edəcək.