Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçiriləcək “Dördlər finalı”nın daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Dinamo” klubu 2-ci pley-off mərhələsini uğurla adlayıb.
Məşhur voleybolçu Yekaterina Qamovanın lideri olduğu Kazan təmsilçisi İsveçrənin “Volero” klubunu cavab oyununda da məğlub etməklə Bakıya vəsiqə əldə edib - 3:1 (21:25, 25:16, 25:19, 25:21). İlk oyunda da eyni hesabla qalib gələn Rişat Qilyazutdinovun yetirmələri martın 15-16-da keçiriləcək həlledici oyunlarda çıxış edəcək. “Dinamo” pley-offdan “Dördlər finalı”na yüksələn ilk komanda olub.
Kazanlılar bu mərhələyə meydan sahibi kimi birbaşa qrupdan yüksələn Azərbaycan çempionu “Rabitə” ilə yarımfinalda görüşəcək. Həlledici qarşılaşmaların püşkü əvvəldən atıldığından Rusiya klubu isveçrəliləri keçməklə bakılılara rəqib olub. Bu matç martın 15-də baş tutacaq.
Lakin yarışın əsasnaməsinə görə “Rabitə”nin rəqibi dəyişə də bilər. Çünki “Dördlər finalı”na eyni ölkənin iki təmsilçisi çıxarsa, onlar mütləq yarımfinalda qarşılaşmalıdır. Rusiyanın daha bir klubunun – “Omiçka”nın pley-offu keçməsi onları “Dinamo”ya rəqib edəcək. Lakin millimizin kapitanı Natalya Məmmədovanın lideri olduğu Omsk təmsilçisi evdə 1:3 hesabı ilə uduzduğu “Əczaçıbaşı”nı Türkiyədə məğlub etməsi inandırıcı deyil. Əgər sensasiya baş verərsə və yarımfinalda Rusiya derbisi gerçəkləşərsə, “Rabitə” “Vakıfbank” (Türkiyə) – “Kann” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. Evdə 3:1 hesabı ilə qalib gələn türkiyəlilər bu cütün favoritidir.
Qeyd edək ki, 2-ci pley-off mərhələsinə sabah yekun vurulacaq.