Yelena Şabovta: O, yaxşı pul qazanır - MÜSAHİBƏ
19.03.2014 - 10:09
Yelena Şabovta: O, yaxşı pul qazanır - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq voleybolçusu, hazırda yığmamızda, “Azərreyl”də və “Azəryol”da menecer işləyən Yelena Şabovtanın apasport.az saytına müsahibəsi

 

- Çempionlar Liqasının qalibi Bakıda müəyyənləşdi. “Kristal Hall”da keçirilən, Kazan “Dinamo”sunun çempion, “Rabitə”nin üçüncü olduğu “Dördlər finalı” barədə nə deyə bilərsiz?

- Buraya gələn 4 komandanın hamısı güclü idi. Təşkilatçılığın yüksək səviyyədə olduğunu deyə bilərəm. “Kristal Hall” tək mənim deyil, bütün qonaqların xoşuna gəldi. Məncə, bütün Avropa bundan danışacaq. “Rabitə”yə gəlincə, 3-cü oldular. Onlar “Dinamo” ilə qarşılaşmada həyəcanı ata bilmədilər. Amma “Əczaçıbaşı” ilə qarşılaşmada çox gözəl oyun göstərdilər. Yəni, “Rabitə” zəif komanda deyil. Sadəcə, polşalı toppaylayıcı Katarjina Skorupa çox səhvlər buraxdı. Fikrimcə, texniki, taktiki çatışmazlıqlar da oldu. İlk matçda Katarjina Skovronska da zəif çıxış etdi. Lakin 3-cü yer uğrunda görüşdə əla oynadı. “Dinamo” isə inamlı təsir bağışladı. Bu, onların heyətinin əsasını rusların təşkil etməsi və cəmi 2 legionerlərinin olması ilə bağlıdır.

 

- Sabiq komandanız “Əzcaçıbaşı”nın belə zəif çıxışını nə ilə izah edərdiz?

- Baş məşqçi qarmaqarışıq bir heyətlə mübarizə apardı. Voleybolçular da çox səhvlərə yol verdilər. Sanki 4-cü yeri qəbul etmiş kimi idilər.

 

- Komandanın baş məşqçisi və kapitanı isə “Rabitə”yə məğlubiyyəti yarımfinalda “Vakıfbank”a uduzmaları və bu səbəbdən köklənmələrinin aşağı düşməsini ilə bağladılar...

- Ola bilər. Çünki həmin oyuna çox istəksiz çıxdıqları hiss edilirdi.

 

- Ulduz voleybolçulardan Yekaterina Qamova Çempionlar Liqasında 8-ci finalında nəhayət qızıl medal ala bildi. Amma Neslihan Demir yenə də bu istəyini həyata keçirə bilmədi. Bunun üçün onun komandasını dəyişməsinə ehtiyac varmı?

- O, öz ölkəsində və klubunda yaxşı pul qazanır. Bəzən komanda üçün oynamaq lazım gəlir, Neslihan onu bacarmır. Milli ilə də hələ çempion ola bilməyib. Amma müxtəlif yarışlarda ən dəyərli voleybolçu kimi seçilir. Öndə olmağı bacarır.

 

- Siz “Azəryol”, “Azərreyl” klublarında və millidə menecer vəzifəsinə gətirildiz. Burada işinizin tərkib hissəsi yalnız transferlərdir?

- Xeyr. Azərbaycanda menecer dedikdə, oyunçu aparmaq, gətirmək kimi başa düşülür. Amma peşəkar klublarda belə deyil. Menecerlik komanda yaratmaq, gələcəyin heyətini qurmaqdır. Bilirsiz, qadınlarla çalışmaq çox çətindir. Çünki psixoloji olaraq, həmişə nəsə kömək lazımdır. Nəyisə bəyənməyə, nədəsə dəstək istəyə bilərlər. Əsas məqsəd onların problemlərini həll etməkdir və mən buna çalışıram. Həm də baş məşqçi kişi olduğundan mən qızlara çox yaxınam. Hansısa çatışmazlığı yoluna qoymaq çox əhəmiyyətlidir.

 

- Maraqlıdır, yerli voleybolçuların ölkə xaricində oynaması üçün hansısa addımlar atırsızmı?

- Mən Azərbaycan voleybolçularının ön planda olmasını istəyirəm. Yeni mövsümdə ilk “altılıq”da 2 azərbaycanlının oynaması barədə qərar verilməlidir. Ola bilsin, Super Liqanın səviyyəsinin düşəcəyini fikirləssinlər. Amma belə olmayacaq. Əksinə, millinin səviyyəsi çox artacaq. Bundan sonra təbii ki, voleybolçular da yavaş-yavaş ölkə xaricinə çıxacaqlar. Amma ilk “altılıqda” və ya “on ikilik”də bir neçə azərbaycanlı yer alacağı halda daha şansı olacağıq.

 

- Azərbaycan voleybolçuları da Türkiyədə olduğu kimi xaricə getməkdə maraqlı görünmürlər. Bunu klublarımızda yaxşı pul qazanmaları ilə əlaqələndirmək olarmı?

- Fikrimcə, indi səviyyə aşağı düşüb. Yeni-yeni başlayırlar. Amma bizim oynadığımız vaxt tam başqa idi. Məsələn, 8 il idi dünya çempionatına qatıla bilmirdilər. Avropa çempionatında 13-cü yeri tutdular, Qran-priyə vəsiqə qazanmayıblar. Amma hazırda çox sürətlə inkişaf gedir. Biz buraya 13-14 yaşında uşaqlar gətirdik. 5 il burada böyüdülər, Azərbaycanda hər şeylə təmin olundular. Mentalitetə uyğunlaşdılar, azərbaycanlı sayıla bilərlər. Çünki təhsillərində burada aldılar.

 

- Yeni mövsümdən hər komandada 2 voleybolçunun oynayacağından danışdız. Amma yığmanın əksər üzvlər “Azəryol” və “Azərreyl”də cəmləşiblər. Bunları digər klublara bölüşdürmək planlarınıza daxildirmi?

- Bu, sizə asan gələ bilər. Məsələn, bir uşaq bir komandada böyüyür və burada qalmaq istəyir. Klublar arasında da rəqabət olur. Məsələn, “Rabitə”, “İqtisadçı” və digər komandalarla. Bu səbəbdən də həmin komandaya getmək istəmirlər. Bildiyimə görə, hazırda “Rabitə”də, “İqtisadçı”da yeni gənc voleybolçular yetişir. “Lokomotiv”də bilmirəm. Onlar ötən mövsüm “Lokomotiv-Biləcəri”ni yaratdılar, lakin sonra dağıtdılar. Amma biz “Azərreyl”i saxladıq. Orada gənc voleybolçularımız çoxdur.

 

- Yeni mövsümdə klublarının sayının artırılması və ya azalması gündəmdə deyil?

- İnşallah, hər şey ola bilər. Amma klublar uğurlu çıxış edib, birinci olmaq istəyirlər. Rəqabət güclüdür. Məsələn, hər biri “biz niyə CEV kubokuna düşək” deyir? Gələcək üçün klubların sayı artırılması yaxşıdır. Həmin vaxt yerli voleybolçular da üstünlük qazanacaq. Bu vaxt daha istəkli olacaq, ölkə, millini sevəcək.

 

- Siz uzun fasilədən sonra Türkiyədən Azərbaycana qayıtdız. Buradan voleybolçu gətirmək mümkün olacaqmı?

- Türklər yerli klublarda yaxşı pul qazanırlar. Bəzənsə istəyirlər, gələ bilirlər. Amma onlar da yüksək səviyyəli oyunçular olmur. Bəli, mövsümün əvvəlində “Lokomotiv” bir türk gətirmişdi. Çünki həmin oyunçu orada iş yeri tapa bilmədiyi üçün Bakı klubunu seçmişdi. Onun orada 3 lirə, burada 5 lirə aldığını isə deyə bilmərəm.

 

- Azərbaycanda yerli məşqçilər də azlıq təşkil edir. Çalışdırıcı olmaq heç ürəyinizdən keçibmi?

- Xeyr. Mən hazırda həyatımdan məmnunam. Çünki işim ürəyimcədir. Məsələn, Faiq Qarayev yığmada çox uğurlu, gələcəyə hesablanmış komanda formalaşdırır. Mənsə korrektə edirəm. Yəni, baş məşqçi ilə voleybolçular arasında əlaqələndirici funksiyasını daşıyıram. Məşqçilik? Bu, bir az dəyişik işdir. Onu çox öyrənmək lazımdır. Mən yaxşı oyunçu olmuşam, amma yaxşı məşqçi olmaya bilərəm. Bu da var. Düzdür, Türkiyədə 16-18 yaşlı oğlanların komandasını çalışdırdım və xoşuma gəldi. Həmin vaxt çempionatı 3-cü yerdə bitirdik. Gənclərlə işləmək olar. Lakin əsas komanda üçün çox çalışmaq lazımdır. Mənim ailəm, uşağım var. Qadın olduğum üçün vaxtımı daha çox ailəyə sərf etməyim lazımdır. Bu səbəbdən yaxşı məşqçilərin çoxunun ailəsi yoxdur. O cümlədən, Kamil Söz də artıq mənim keçmiş həyat yoldaşımdır.

 

- Braziliyalı mütəxəssis Ancelo Vercesi “Azəryol”da yaxşı nəticələr qazana bilmədi. Həmçinin, bu ilin əvvəlində Xorvatiya millisində işləməyə başladı. Bu, onun gedəcəyinə işarədirmi?

- Xeyr. O, çox yaxşı məşqçidir. Sadəcə, “Azəryol” çox çətinliklər yaşadı. Heyətimizdə 2 libero – Valeriya Korotenko ilə Akiko İno komandadan getdilər. Onlardan birincisi analıq məzuniyyətinə çıxdığı halda, yaponiyalı legioner anasının xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra yanında olmağının vacibliyini bilidirdi. Məsələn, “Rabitə”nin liberoları getsin, onda komandaları necə olacaq? Mövsümün əvvəlində qurulan heyətdə hər kəsin qalması lazımdır. Amma almaniyalı Lisa Tomsen zədələndiyindən Ceyran Əliyevanı gətirdik. Mənə görə bu gənc libero hazırda ən yaxşı azərbaycanlıdır.

 

- Amma “Azəryol”un bu addımı bir qədər təəccüb doğurdu. Çünki əvəzediciləriniz hesab olunan “Azərreyl”dən əsas libero Oksana Kiselyovanı deyil, Əliyevanı gətirdiz...

- Axı, “Azərreyl” də komandadır, onlar da çempionatda çıxış edirlər. Mən niyə həmin komandanın planlarını pozum? Bunu etmək istəmədim. Kiselyova onların əsas liberosudur. Bizdə bu mövqedə problem yaşandığı üçün Ceyranı gətirdik. “Azəryol”un yaxşı olmasından ötrü bir komandanı dağıtmağı fikirləşmədik. Həm də Əliyeva daha güclü görünür. Onun hərəkətləri, cəldliyi, çevikliyi, qorxusunun olmaması üstünlükləridir. Mən Ceyran komandaya gələn kimi də ondan nə istədiyimizi başa saldım. Bu səbəbdən çox yaxşıdır. Əliyevanı həm də Vercesi özü istədi, oyununu bəyənir.

 

- Sizin oynadığınız Azərbaycan yığması kimi səviyyəli milli komanda neçə ilə formalaşar?

- Fikrimcə, 2 ilə bunu görəcəyik.

 

- Yəni, 2 il sonra 2-ci Şabovtanı da görə biləcəyik?

- İnşallah, artıq belə bir qız var. Amma hər şeyi açıqlamaq hələ tezdir. 

0