Zəriflərin amansız mübarizəsi başlayır
14.03.2014 - 18:00
Zəriflərin amansız mübarizəsi başlayır

Martın 15-16-da Bakıda əsl voleybol bayramı yaşanacaq. Apasport.az saytının məlumatına görə, paytaxtımız növbəti dəfə qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək.

 

Əgər 2012-ci ildə keçirilən həlledici mərhələdə Bakı klubu yox idisə, bu dəfə Azərbaycanın idman şərəfini son illərin dəyişməz ölkə çempionu “Rabitə” qoruyacaq.

 

Tarixi ərzində Çempionlar Liqasında 18 ev oyununa çıxan və bunların yalnız 1-də uduzan komandamız “Kristal Hall”da baş tutacaq həlledici mərhələnin ilk günündə Kazan “Dinamo”su ilə münasibətinə aydınlıq gətirəcək.

 

Matçda komandamızın üstünlüyü var. Çünki indiyədək Rusiya klubları ilə 5 dəfə qarşılaşan və hamısında qalib gələn “Rabitə” bu görüşlərin ikisində məhz “Dinamo”nu məğlub edib. Lakin bu dəfə oyunun “Dördlər finalı”na təsadüf etməsini nəzərə alsaq, matçın çətin keçəcəyini əvvəlcədən də söyləmək olar.

 

Artıq hər 2 komandanın baş məşqçiləri yetirmələrinin ideal formada olduğunu, hər top uğrunda vuruşacaqlarını da açıqlayıb. Mövqelərə gəlincə, ciddi fərq yoxdur. Hər 2 komandanın gücü təxminən eyni göstərilir. Sadəcə, rəqib blokda bir qədər inamlı təsir bağışlayır. Həmçinin, həm “Rabitə”yə, həm də “Dinamo”ya yerli mütəxəssislər, müvafiq olaraq, Eldar Yusubov və Rişat Gilyuzitdinov başçılıq edirlər. Onlar komandanın psixologiyasına da  yaxşı bələd olduğu kimi bir-birlərinin heyətini və taktikasını yaxşı tanıyırlar.

 

Bu səbəblərdən oyunun taleyinin tay-brekə kimi uzanacağı istisna deyil. Amma bundan öncə 2 dəfə Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edən və hər ikisində finalda uduzan bakılılar 3-cü cəhdlərində istəklərini reallaşdıracaqlarına inanırlar. Lakin Yusubovun komandası arzusunu həyata keçirmək üçün öncə şimal qonşularımızı yenidən məğlub etməlidirlər.

 

Maraqlıdır ki, hər 2 komandanın ulduz oyunçuları – Katarjina Skovronska (Rabitə) və Yekaterina Qamovanın (Dinamo) bir sıra titullara sahib olmasına baxmayaraq, hələ Avropanın ən nüfuzlu klub turnirində çempionluq sevinci yaşamayıblar. Bu görüşü liderlərin də döyüşü adlandırmaq olar.

 

“Dinamo” – “Rabitə” matçından öncə isə ilk finalçı bilinəcək. Çünki “Dördlər finalı”nın açılış matçı Türkiyənin “Vakıfbank” və “Əczaçıbaşı” klublarının oyununa təsadüf edəcək. Həmin qarşılaşmada da hansısa komanda aşkar favorit hesab olunmur. Onların bir-birini yaxşı tanıması mübarizələrinin gərgin keçəcəyindən xəbər verir. Bu azmış kimi, Çempionlar Liqasının son qalibi “Vakıfbank” titulunu qorumaq, “Əczaçıbaşı” 4 illik fasilədən sonra “Dördlər finalı”na qələbə ilə başlamaq arzusundadır.

 

 

“RABİTƏ” (AZƏRBAYCAN)

Azərbaycan çempionatının qalibi Çempionlar Liqasının A qrupunda mübarizə aparıb. Oynadığı 6 görüşün hamısında qələbə qazanaraq, 16 xal toplayan “Rabitə” qrup mərhələsini lider kimi başa vurub. Bakı təmsilçisi “Dördlər finalı”na ev sahibliyi etmək hüququ qazandığından pley-offlarda oynamayıb.

 

DİNAMO (KAZAN, RUSİYA)

Kazan klubu mövsümə F qrupunda başlayıb. Onlar oynadıqları 6 görüşdən 5-də qalib gəlib, 1-də məğlub olmalarına baxmayaraq, pley-offa qrup lideri kimi yüksəliblər. I pley-off mərhələsində Moskva “Dinamo”sunu (3:1, 3:0), II pley-off mərhələsində Sürix “Volero”sunu (3:1, 3:1) mübarizədən kənarlaşdırıblar.

 

“VAKIFBANK” (TÜRKİYƏ)

Son dünya və Avropa çempionu ilə C qrupunda başlayıb. 6 oyunun hamısında yüz faizlik nəticə göstərən (18 xal) İstanbul təmsilçisi qrup oyunlarında cəmi 1 setdə məğlubiyyət acısı yaşayıb. I pley-off mərhələsində Çempionlar Liqasında debüt edən Bakının “İqtisadçı” klubuna heç bir şans verməyən (3:0, 3:0) “Vakıfbank” ardınca Fransa “Kann”ı ilə qarşılaşıb. Onlar ilk görüşdə 3:1 hesabı ilə qalib gəlsələr də, ardınca eyni hesabla uduzublar. Komanda “Dördlər finalı”na “Qızıl set”lə vəsiqə əldə edib.

 

“ƏCZAÇIBAŞI” (TÜRKİYƏ)

4 illik fasilədən sonra yenidən “Dördlər finalı”na qatılan komanda mövsümə uğurla başlayıb. D qrupunda yarışan və 6 oyundan 18 xal toplayan “Əczaçıbaşı” “Vakıfbank” kimi cəmi 1 set uduzub və pley-offa qrup lideri kimi vəsiqə qazanıb. Pley-off mərhələlərində Polşanın “Atom” (3:0, 3:1) və Rusiyanın “Omiçka” (3:0, 3:1) klublarına qalib gəlib.

 

 

 

“Dördlər finalı”, Bakı

 

15 mart

Yarımfinal

16:00. “Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə)

19:00. “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan)

 

16 mart

3-cü yer uğrunda

16:00. Yarımfinal cütlərinin məğlubları

 

FİNAL

19:00. Yarımfinal cütlərinin qalibləri