Azər Bağırov: "Demək olar ki, heç nə alınmadı"
19.12.2025 - 17:32
Azər Bağırov: "Demək olar ki, heç nə alınmadı"

"Kəpəz" Misli Premyer Liqasının 16-cı turunda Yevlax şəhər stadionunda "Turan Tovuz"a 0:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən "Turan Tovuz"un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. "Turan Tovuz"u təbrik edirəm.

- Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

- Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

- Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

- Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdi ki, istəyimiz oyunun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Çox vaxt bunda məqsəd vaxt aparmaqdır.