Elvin Bədəlov: "Ayxan Abbasova alqış düşür"
15.10.2025 - 15:44
Elvin Bədəlov: "Ayxan Abbasova alqış düşür"

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi iki ağır səfərdən xalsız qayıtsa da, müsbət məqamlar az olmadı. Əksər insanlar düşünür ki, Fransa və Ukrayna yığmasına qarşı yaxşı mübarizə aparan milli var idi meydanda. Bəs, xal qazanmağa nə çatmadı səncə?
- Nə qədər çalışsaq da, can qoysaq da, vuruşsaq da, təəssüf ki, xal götürə bilmədik. Bu da bizi üzdü. Ancaq digər tərəfdən, rəqiblərə də baxmaq lazımdır. Biz kimlərə qarşı oynayırdıq. Xal və ya xallar yığmağımıza səbəb olan məsələ isə, sadəcə rəqiblərin oyunçularının keyfiyyəti bizdən üstün idi deyə, bunu edə bilmədik. Fərdi keyfiyyət öz sözünü dedi.

- Ukraynaya qarşı görüş Fransa ilə matçdan daha ağır keçdi sanki. Razısan, yoxsa belə deyil?
- Məncə, Fransa oyunu daha çətin idi. Ukrayna ilə görüşdə yorğunçuluq var idi. Amma Fransa həqiqətən də başqa səviyyədir. Onlara qarşı oynamaq daha çətin idi. Bunu meydanda aşkar hiss edirdik. Lakin bu görüşdə də ən yaxşısı üçün çalışdıq.

- Bu iki qarşılaşmada Kilian Mbappe, Artyom Dovbik kimi yüksək səviyyəli hüucmçulara qarşı oynadın. Mbappe indiyə qədər qarşılaşdığın ən güclü hücumçu idi demək olar?
- Əlbəttə, Mbappenin ustalığı tamamilə fərqlidir. Onun hansı istiqamətə driblinq edəcəyini əvvəlcədən bilmək mümkün deyil, çox çevik idi. Onu bir sözlə ifadə etmək çətindir. Bu, böyük bir təcrübə idi.

- Azərbaycan millisi Ayxan Abbasova qədər və ondan sonra...Bu yığmalar arasında fərq çox idi? Ayxan Abbasovun gəlişindən sonra millidə dəyişən nələr oldu və nələri daha da yaxşılaşdırmalıyıq?
- Ayxan müəllimin gəlişindən sonra çox şey dəyişib. Yəqin ki, bunu hamı görür. Amma hələ də görüləsi işlər çoxdur, buna da vaxt lazımdır. Qısa müddət ərzində bizə özümüzə olan inamı qaytardı. Komandaya inandı və onu düzgün şəkildə oynatdı. Buna görə də millidə bir dirçəliş hiss olunur. Buna da böyük alqış düşür.

- Azərbaycan millisini qarşıda İslandiya və Fransaya qarşı matç gözləyir. Bu iki görüşdən xalla ayrılmağımız nə dərəcədə realdır?
- Məncə, bu, tamamilə realdır. Çünki oyunlarımız evdə keçiriləcək. Hazırlaşacağıq. Futbol elə bir oyundur ki, hər şey mümkündür. Amma əsas odur ki, sona qədər inanmaq lazımdır, bu, mütləqdir.

- Bir də əsas problemimiz futbolçularımızın stabil oynamaması və legioner həyatı yaşayanlarımızın çox az olmasıdır. Səncə, bu məsələ millinin nəticələrinə nə dərəcədə mənfi təsir edir? Sənin özünə legioner olmaq üçün təkliflər varmı heç?
- Əlbəttə ki, bu, çox təsir edir. Kimlərə qarşı oynadığımıza baxırıq, bu da mühüm rol oynayır. Üstəlik, futbolçular öz klublarında daim oynamayanda işimiz ikiqat çətinləşir, biz də əziyyət çəkirik. Legioner olmaq məsələsinə gəlincə, bu yay təkliflərim var idi, amma “Neftçi”dən təklif gələndə fikirləşmədən qəbul etdim. Bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm.